Son illərdə Cənubi Qafqaz regionunda baş verən siyasi, iqtisadi və geosiyasi dəyişikliklər bu ərazidə tamamilə yeni bir vəziyyətin formalaşdığını göstərir. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və atdığı addımlar xüsusi rol oynamışdır. Regionda yaranan yeni reallıqlar Azərbaycanın mövqeyini gücləndirməklə yanaşı, ümumi sabitliyə də müsbət təsir göstərmişdir.
Əvvəllər daha çox münaqişə və gərginliklə yadda qalan Cənubi Qafqaz hazırda əməkdaşlıq imkanlarının artdığı bir məkan kimi diqqət çəkir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni siyasi mənzərə formalaşmışdır. Bu dəyişikliklər sülh danışıqlarının intensivləşməsinə, nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələlərinin gündəmə gəlməsinə səbəb olmuşdur. Bu proseslərdə Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və beynəlxalq platformalarda çıxışları xüsusi əhəmiyyət kəsb edir.
Regionun geosiyasi əhəmiyyəti də getdikcə artır. Cənubi Qafqaz Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayır. Enerji layihələri, nəqliyyat dəhlizləri və ticarət marşrutları bu ərazinin strateji mövqeyini daha da gücləndirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr region ölkələri üçün yeni iqtisadi imkanlar yaradır və onların qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir.
Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir.
Bununla yanaşı, yeni vəziyyət müəyyən çətinlikləri də özündə ehtiva edir. Regionda davamlı sülhün təmin olunması üçün tərəflər arasında etimadın artırılması vacibdir. Sərhədlərin delimitasiya və demarkasiyası, diplomatik münasibətlərin normallaşdırılması kimi məsələlər hələ də aktuallığını qoruyur. Bu problemlərin həlli isə yalnız qarşılıqlı anlaşma və siyasi iradə ilə mümkündür.
Nəticə etibarilə, Cənubi Qafqazda yaranan yeni vəziyyət həm imkanlar, həm də çağırışlarla xarakterizə olunur. Bu prosesdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət regionda sabitliyin möhkəmlənməsinə və inkişafın təmin olunmasına yönəlmişdir. Əgər region ölkələri bu imkanlardan düzgün istifadə edə bilsələr, Cənubi Qafqaz yaxın gələcəkdə sülh və əməkdaşlıq məkanına çevriləcəkdir.
Hacı Məmmədov
YAP Kəngərli rayon təşkilatının fəalı