“Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində keçirilən iclaslar və aparılan müzakirələr olduqca əhəmiyyətlidir. Bu proseslərdə iştirak edən mütəxəssislərin fikirləri sahənin daha da dərinləşdirilməsi baxımından mühüm rol oynayır”.SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu plenar iclasda çıxışı zamanı deyib.Deputat bildirib ki, qanunvericilikdə edilən dəyişikliklər hüquqi təhlükəsizlik prizmasından diqqətlə qiymətləndirilməlidir: “Bu dəyişikliklər birbaşa vətəndaşların hüquqlarına təsir edir və bəzi hallarda hüquqi məsuliyyət yarada bilər”.Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycan hüquqi dövlət olaraq demokratik prinsiplərə əsaslanır: “Hər bir qərar qəbul edilərkən insan hüquqları, fərdi azadlıqlar və cəmiyyətin ümumi maraqları balanslı şəkildə nəzərə alınmalıdır”.Deputat müasir dövrdə süni intellektin yaratdığı yeni çağırışlara da toxunub: “Bu texnologiyaların sürətli inkişafı yeni risklər formalaşdırır. Xüsusilə dezinformasiya və digər sui-istifadə halları cəmiyyətin mənəvi dəyərlərinə təsir göstərə bilər”.O qeyd edib ki, bu sahənin hüquqi və etik tənzimlənməsi vacibdir: “Süni intellektin idarə olunması və istifadəsi ilə bağlı kompleks yanaşma tətbiq edilməlidir”.Sonda deputat bildirib ki, bu məsələlərin geniş müzakirəsi cəmiyyətin inkişafına müsbət təsir göstərəcək.
Müəllif: Günel Fərzəliyeva