Prezidentin İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi “Bu gün Cənubi Qafqaz tamamilə yeni vəziyyət yaranmaqdadır” bəyanatı regionda baş verən geosiyasi dəyişikliklərin mahiyyətini aydın şəkildə əks etdirir. Bu fikir təkcə diplomatik ritorika deyil, həm də son illərdə baş verən mühüm siyasi, iqtisadi və təhlükəsizlik transformasiyalarının nəticəsi kimi qiymətləndirilməlidir.
Son dövrlərdə Cənubi Qafqaz regionunda yeni reallıqlar formalaşıb. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda qüvvələr nisbəti dəyişib və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Dövlət başçısı çıxışında vurğuladı ki, Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, əməkdaşlıq məkanına çevrilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq qarşıdurma mərhələsindən əməkdaşlıq mərhələsinə keçid üçün real zəmin mövcuddur.
Bu kontekstdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İki ölkə uzun illərdir enerji, nəqliyyat və logistika sahələrində sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri layihələr regionun iqtisadi xəritəsini dəyişərək onu beynəlxalq tranzit mərkəzinə çevirib.
Prezidentin bəyanatında diqqət çəkən əsas məqamlardan biri də region ölkələri arasında dialoqun və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyidir. Yeni yaranan vəziyyət yalnız siyasi sabitlik deyil, həm də iqtisadi inteqrasiyanın dərinləşməsi üçün əlverişli şərait yaradır. Bu isə həm region ölkələrinin rifahına, həm də daha geniş Avrasiya məkanında sabitliyə xidmət edir.
Eyni zamanda, yeni reallıqlar fonunda regional əməkdaşlıq platformalarının formalaşdırılması ideyası da aktuallaşır. Bu baxımdan, üçtərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı regionun gələcək inkişaf trayektoriyasını müəyyən edə bilər.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı verdiyi bəyanat Cənubi Qafqazda baş verən köklü dəyişikliklərin siyasi manifesti kimi dəyərləndirilə bilər. “Tamamilə yeni vəziyyət” ifadəsi regionun artıq keçmiş münaqişələrdən uzaqlaşaraq əməkdaşlıq, inkişaf və sabitlik mərhələsinə qədəm qoyduğunu göstərir. Bu isə həm regional, həm də qlobal miqyasda mühüm əhəmiyyət daşıyan yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər.
Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı