Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində səsləndirdiyi fikirlər Cənubi Qafqazın hazırkı geosiyasi transformasiyasını anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının bəyanatında ön plana çıxan əsas məqamlardan biri regionda yaranmış yeni reallıqların artıq keçmişin qarşıdurma məntiqindən uzaqlaşaraq daha çox əməkdaşlıq və qarşılıqlı fayda prinsipləri üzərində qurulmasıdır. Bu yanaşma, əslində, təkcə regional siyasətin deyil, ümumilikdə beynəlxalq münasibətlər sisteminin dəyişən xarakterini əks etdirir.
Uzun illər boyunca müxtəlif münaqişələr, siyasi gərginliklər və etimadsızlıq mühiti ilə yadda qalan Cənubi Qafqaz bu gün tamamilə fərqli bir mərhələyə qədəm qoyur. Əvvəllər təhlükəsizlik riskləri ilə assosiasiya olunan bu coğrafiya artıq sabitlik, iqtisadi inkişaf və regional inteqrasiya imkanları ilə diqqət çəkir. Bu dəyişimin əsasında isə yalnız siyasi bəyanatlar deyil, konkret iqtisadi layihələr, nəqliyyat dəhlizləri və enerji əməkdaşlığı kimi praktik addımlar dayanır. Prezidentin də vurğuladığı kimi, sülhün davamlı olması üçün onun iqtisadi əsaslarının möhkəm qurulması vacibdir. Çünki qarşılıqlı iqtisadi asılılıq dövlətlər arasında etimadı gücləndirir və potensial münaqişə risklərini əhəmiyyətli dərəcədə azaldır.
Məhz bu kontekstdə Azərbaycan ilə Ermənistan arasında iqtisadi münasibətlərin dolayısı ilə də olsa formalaşması, xüsusilə ticarətin Gürcüstan üzərindən həyata keçirilməsi diqqətəlayiq tendensiya kimi çıxış edir. Bu hal regionda yeni əməkdaşlıq mexanizmlərinin yaranmağa başladığını göstərir. Gürcüstanın bu prosesdə oynadığı rol isə xüsusi qeyd olunmalıdır. Tbilisi təkcə coğrafi baxımdan deyil, eyni zamanda siyasi balanslılığı və açıq iqtisadi siyasəti ilə region ölkələri arasında əlaqələndirici körpü funksiyasını yerinə yetirir. Bu, Gürcüstanı regional sabitliyin təmin olunmasında əsas aktorlardan birinə çevirir.
Bundan əlavə, dövlət başçısının qlobal proseslərə dair səsləndirdiyi fikirlər də diqqətdən kənarda qalmır. Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr, geosiyasi qarşıdurmalar və iqtisadi qeyri-müəyyənliklər fonunda Cənubi Qafqazda sabitlik mühitinin formalaşması region ölkələri üçün unikal strateji üstünlük yaradır. Bu üstünlükdən düzgün istifadə olunması isə yalnız qısamüddətli siyasi dividentlər deyil, həm də uzunmüddətli inkişaf və təhlükəsizlik təminatı deməkdir.
Cənubi Qafqaz artıq yeni geosiyasi mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti qarşıdurma və rəqabət mühitindən əməkdaşlıq və qarşılıqlı inkişaf modelinə keçiddir. Burada risklərin imkanlara çevrilməsi, regional inteqrasiyanın dərinləşməsi və iqtisadi əməkdaşlığın genişlənməsi əsas prioritetlər kimi çıxış edir. Bu transformasiya prosesində isə Azərbaycan ilə Gürcüstan arasında formalaşmış strateji tərəfdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə regionun gələcək inkişaf trayektoriyasını müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.
Zərnişan Əliyeva
YAP Babək rayon təşkilatının fəal üzvü