Aprelin 17-dən 19-dək Türkiyənin kurort şəhərində keçiriləcək Antalya Diplomatiya Forumu (ADF-2026) dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçılarını, həmçinin nazirləri bir araya gətirəcək. Anadolu agentliyi xəbər verir ki, “Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək” mövzusunda keçiriləcək tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında qardaş ölkənin xarici siyasət idarəsinin ev sahibliyi ilə baş tutacaq.
İlk dəfə 2021-ci ildə keçirilən Antalya Diplomatiya Forumu bu il 150-dən çox ölkədən 20-dən çox dövlət və hökumət başçısı, təxminən 15 dövlət və hökumət başçısının müavini, 50-dən çox nazir (bunlardan 40-dan çoxu xarici işlər naziridir) və beynəlxalq təşkilatlardan 75 nümayəndə, eləcə də akademiklər və tələbələr də daxil olmaqla təxminən 5000 qonağın iştirakı ilə keçiriləcək.
Dövlət başçılarının təxminən yarısının Afrika və Avropadan, xarici işlər nazirlərinin isə Afrika, Avropa və Asiyadan olacağı gözlənilir.
“ADF-2026” çərçivəsində panellər də daxil olmaqla 40-dan çox tədbir və sessiyanın keçirilməsi planlaşdırılır. Bildirilib ki, sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər və transformasiya prosesləri, eləcə də regional inkişaflar da daxil olmaqla geniş məsələlər müzakirə olunacaq, siyasi, iqtisadi, ekoloji və texnoloji oxlarla formalaşan əsas gündəm maddələri müzakirələrin mərkəzində olacaq.
Bundan başqa, “ADF-2026” çərçivəsində Balkan Sülh Platforması xarici işlər nazirlərinin üçüncü görüşü, Qəzza ilə bağlı səkkiztərəfli görüş, Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü və Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı-Misir toplantısı da keçiriləcək.