PDF Oxu

Siyasət

  • 627

Azərbaycan səhiyyəsinə həsr olunmuş ömür - ŞƏRH

image

Azərbaycan tibb elminin tarixinə nəzər salsaq, orada yalnız bir həkimin deyil, həm də bir xalqın gözlərinə işıq verən fədakar bir qadının – Akademik Zərifə xanım Əliyevanın silinməz izini görərik. Onun ömür yolu sadəcə bir karyera deyil, Azərbaycan səhiyyəsinin intibah dövrünə həsr olunmuş mənəvi bir dastandır. Zərifə xanımın fəaliyyəti o dövrün ən böyük bəlalarından olan traxoma xəstəliyinə qarşı mübarizə ilə başladı. Lakin onun fərqi burasındaydı ki, o, xəstəliyi yalnız laboratoriyada deyil, birbaşa ocaqlarda – zavodlarda, fabriklərdə, pambıq tarlalarında öyrənirdi. O, Azərbaycan oftalmologiyasını dar çərçivədən çıxararaq onu sənaye və peşə xəstəlikləri müstəvisinə qaldıran ilk alim oldu. Zərifə Əliyeva üçün həkimlik yalnız diaqnoz qoymaq deyil, xəstənin ruhuna toxunmaq sənəti idi. Onun məşhur “Yüksək əqidə: Həkimlik etikası, həkimin vicdanı və qəlbinin paklığı” mövzusundakı tədqiqatları bu gün də tibb tələbələri üçün bir “mənəvi konstitusiya” rolunu oynayır. O, hesab edirdi ki: “Həkimin xəstəyə verdiyi ümid, bəzən ən güclü dərmandan daha təsirlidir.” Onun Azərbaycan səhiyyəsinə gətirdiyi yeniliklər fundamental xarakter daşıyır. Z.Əliyevanın daktriologiyadan bəhs edən – “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi olmuşdur. M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın adını alan Zərifə xanım Əliyeva bu gün də ehtiramla anılır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Sadə Azərbaycan ziyalısının təcəssümü idi Zərifə xanım. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi.Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.Ulu Öndər Heydər Əliyevin Zərifə xanım Əliyeva haqqında xatirələrini bu gün də xatırlayırıq. Ulu Öndər qeyd edirdi ki: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu.Zərifə xanım həm də müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, xalqımızın lideri İlham Əliyevin anası olaraq, bir ailə modelinin və xanım əfəndiliyinin ən uca zirvəsini təmsil edirdi. Onun zərifliyi simasında, qətiyyəti isə elmi kəşflərində idi.

Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinə həsr olunmuş ömrü bizə bir həqiqəti öyrədir: Əsl alim o kəsdir ki, onun yaratdığı işıq özündən sonra da minlərlə insanın yolunu aydınlatmağa davam edir. O, Azərbaycan elminin vicdanı, Azərbaycan qadınının isə mənəvi ucalığıdır.

Şəhla Cəfərova

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər