Avropada gərginliyin və dövlətlərarası qarşıdurmanın yaşandığı bir dövrdə Macarıstanda parlament seçkiləri keçirilib. Aprelin 12-də baş tutan seçkilərdə əhalinin 77,8 faizinin iştirak etdiyi bildirilir. Bu da ölkə tarixində ən yüksək göstərici hesab olunur. Ölkə üzrə səsvermə yerli vaxtla 19.00-da (Bakı vaxtı ilə 21.00) başa çatmalı olsa da, bəzi məntəqələrdə növbədə olanları nəzərə alaraq onlara səs vermək imkanı yaradılıb. Macarıstanın Milli Seçki Bürosunun (MSB) məlumatına görə, ölkədə səsvermə hüququna malik 7,9 milyon əhali mövcuddur. Seçkilərdə iştirak həddi yoxdur, buna görə də səs verənlərin sayından asılı olmayaraq onlar baş tutmuş hesab olunur.
Seçki ərəfəsi aparılan rəy sorğularına görə, rəqabət daha çox hazırkı baş nazir Viktor Orbanın rəhbərlik etdiyi FİDES Partiyası, radikal sağ Yaxşı Macarıstan Uğrunda Hərəkat Partiyası, Macarıstan Sosialist Partiyası, yaşıllar, Demokratik Koalisiya Partiyası və liberallar arasında gedəcəyi gözlənilirdi. Seçkilərdə parlamentdəki 199 yer bölüşdürülür, onlardan 93 mandat partiya siyahıları, daha 106 mandat isə birmandatlı dairələr üzrə paylanacaq. 2022-ci ildə keçirilmiş parlament seçkilərində FİDES və XDXP koalisiyası 135 deputat yeri qazanaraq konstitusion səs çoxluğu əldə etmişdir.
Seçki ərəfəsi Baş nazir Viktor Orban və onun rəhbərlik etdiyi millətçi Fidesz partiyasının çətin, həm də ağır sınaq qarşısında olacağı proqnozlaşdırılırdı. Çünki 16 illik hakimiyyəti dövründə V. Orban əhalinin böyük hissəsinin dəstəyini qazana bilib. Lakin Orbana müxalif Avropa İttifaqı yönlü Tisza partiyasının rəhbəri Peter Magyar da zəif namizəd olmayıb. Onun namizədliyini Fransa, Böyük Britaniya, eləcə də Almaniya və Niderlan dəstəkləyirlər. İddialara görə, Almaniya və Fransa seçkilər zamanı Peter Magyara maliyyə dəstəyi göstəriblər. Macarıstan Milli Seçki Bürosunun məlumatına istinadən demək olra ki, artıq Avropa İttifaqının maliyyə “boslar”ı çətinlik çəkmədən seçki yolu ilə Orbanı sıradan çıxmağa nail olublar. Bu məslədə Ukraynada məmnun olacaq. Çünki Orban açıq şəkildə Ukraynanın Aİ-na üzvlüyə qarşı çıxırdı. Bununla yanaşı bu yaxınlarda V.Orban hökuməti Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kreditin verilməsini bloklamışdır. Məhz bu amil Avropa İttifaqı ilə V.Orban arasında dərin uçurum yaratmışdır. Orbanın Brüssellə fikir ayrılıqları yalnız Ukrayna ilə məhdudlaşmayıb, o, əvvəlcə Rusiya ilə münaqişəsində silah və pulla dəstəkləməkdən imtina edib. V.Orban mövqeyini suveren bir ölkənin başçısı olduğuna əsaslanaraq, Macarıstanın kiminlə münasibətləri, əsasən iqtisadi münasibətləri saxlayacağına özü qərar verdiyini bildirmişdir. Buna görə də, dənizə çıxışı olmayan ölkə Avropanın tamamilə boykot elan etdiyi Rusiyadan sabit neft tədarükü almağa davam etdi.
Almaniyanı, Niderlandı, Fransanı və digər Avropa ölkələrini narazı salan amillərdən biri də, Orbanın ənənəvi dəyərləri rədd edən və "cinsi azlıqların qorunmasını" prioritetləşdirən "ümumavropa əxlaq normalarını" qəbul etməkdən imtina etməsi idi. Bütün bunlar nəticədə AB-nin son seçkilərdə kimi dəstəklədiyi səsvermədən çox əvvəl aydın idi. Yəni Avropa ölkələri resurslarını Orbanın rəqibi Peter Magyarı dəstəkləməyə yönəltmişdir.
Macarıstanda yeni dövr başlayır
MSB-nin məlumatına görə, bülletenlərin təxminən 72 faizi hesablanıb. İlkin nəticələrə görə, Baş nazir Viktor Orban Tisza partiyasının lideri Peter Maqyara məğlub olub. Artıq məğlubiyyətini etiraf edən və qaydalardan kənara çıxmayan Orban “Tisa” partiyasının lideri Peter Maqyara telefonla zəng edərək onu qələbəsi münasibətilə təbrik edib.İlkin nəticələr göstərir ki, “Tisa” partiyası hazırda səslərin 54 faizini, Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi “Fides” isə 37 faizini qazanıb.Bununla da Peter Maqyarın Maqyarın rəhbərlik etdiyi “Tisa” partiyası 199 yerlik parlamentdə 138 yer qazanır. Səs limitini keçərək parlamentə daxil olacağı gözlənilən üçüncü partiya “Mi Hazank” isə 7 yer qazanacaq. Ölkənin əsas qanuna görə, parlamentdə ən azı 100 yer qazanan partiya hökuməti qura bilər. Baş nazir postuna sahib olmaq üçün 133 yer lazımdır. Bu isəonu deməyə əsas verir ki, Fransa, Almaniya və digər Avropa ölkələrinin istəkləri baş tutur. Yəni Orban sıradan çıxarılaraq onun yerinə baş nazir olaraq Peter Maqyar gətirilir.
Seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra V.Orban xalqa müraciət edib və məğlubiyyətini etiraf edərək deyib: “Seçki nəticələri ağrılıdır, lakin aydındır. Mən qalib partiyanı təbrik etdim. Bu nəticələrin ölkəmizin və millətimizin taleyi üçün nə ifadə edəcəyini hələ bilmirik, bunu zaman göstərəcək. Lakin biz müxalifətdə olsaq belə, ölkəmizə xidmət etməyə davam edəcəyik”.
Məlumat üçün qeyd etmək lazımdır ki, Peter Magyar yaxın keçmişdə Orbanın əsas tərəfdarlarından olub. Ancaq P. Magyar hakimiyyət bölgüsü məsələsində iddialarını reallaşdıra bilmədiyindən 2024-cü ilin fevralında Fidesz partiyasından ayrılıb.
Xarici KİV-lərdə yayılan məlumatlara görə, Magyarın Orbanın rəhbərlik etdiyi partiyadan ayrılmasının səbəbi ölkə prezidentinin mövqeyinə əsalanan qalmaqallı hadisədən sonra tezləşdirilib. Belə ki, Macarıstan prezidenti Katalin Novak dövlət uşaq evində baş vermiş cinsi zorakılıq olayının ört-basdır edilməsinə yardım etmiş bir şəxsi əfv etdikdən sonra hökumət ciddi tənqidlərlə üzləşmişdi. Belə vəziyyətdə Magyar partiyadan ayrılır və fəaliyyətsiz vəziyyətdə olan Tisza partiyasının quruculuğuna başlayır. Daha çox populizmə və quru vədlərə üstünlük verməsi siyasi çevrələrdə özünə rəğbət qazandırıb. Magyar seçki prosesi zamanı açıq şəkildə bəyan etmişdir ki, əgər o seçkilərdə qalib gələrək baş nazir olsa Avropa İttifaqı ilə sıx əlaqələr quracaq və Orbanın Ukraynaya qarşı mənfi münasibətini tamamilə dəyişəcək. Bu mövqe Avropa İttifaqına daxil olan bəzi dövlətləri qane edir. Çünki Orban qurumun Ukraynaya maliyyə yardımları və silah satışının göstərilməsinin əleyhinədir. Dəfələrlə Orban Avropa İttifaqının Ukraynaya maliyə yardımlarını bloklayıb və bir növ Rusiyanın səsi rolunda çıxış edib. Nəticələr isə Orban üçün ağır oldu. Yəni V.Oraban müstəqil, dövlətinin maraqlarına, xalqının mənafeyinə əsaslanan müstəqil siyasətinin qurbanı oldu. Bundan sonra Macarıstanı nə gözlədiyini demək çətin olsa da, ortada olan fakt ondan ibarətdir ki, uduzan yalnız V.Orban deyil, həm də Rusiyadır. Rəsmi Moskva artıq Avropa İttifaqındakı əsas adamını, dəstəkçisini də itirdi.
İLHAM ƏLİYEV