PDF Oxu

Siyasət

  • 1 684

Mənəviyyat, kamillik və müdriklik məktəbi - ŞƏRH

image

Gözlərə işıq, qəlblərə nur bəxş edən, dünyaya gəlişi bahara düşən Zərifə xanım Əliyeva elə bir bahar günündə – 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. Sağlığında xalqı üçün gördüyü işlərlə mənəvi ucalığa yüksələn görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı, habelə tibb işçisi üçün mənəviyyat, kamillik və müdriklik məktəbidir. Zəngin elmi yaradıcılıq irsi ilə Azərbaycan oftalmologiyasını dünyada tanıdan yüksək intellekt sahibi akademik Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir.

“... Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”. Tanrının dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan biri kimi akademik Zərifə Əziz qızı Əliyeva haqqında oğlu, Prezident cənab İlham Əliyevin kövrək hisslərlə dilə gətirdiyi fikirlərində də bunu görürük. Bu zərif qadın əsl alim ömrü yaşamış, həyatını peşəsinin sirlərini dərindən öyrənməyə həsr etmişdi. Amma onun yaşam fəlsəfəsinin əsasını, heç şübhəsiz, yurduna, torpağına bağlılıq, vətəndaşlıq mövqeyi təşkil edirdi. Bütün mənalı fəaliyyətinin təməlində də bu amillər dayanırdı.

Zərifə xanım Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir. Görkəmli alimi həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmiş, bu mövzuda yazdığı “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf edən Zərifə xanımın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Böyük xidmətlərinə, çoxillik səmərəli elmi-tədqiqat işlərinə görə Zərifə xanım keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyətinin İdarə Heyətinin “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü seçilmiş, bir sıra orden və medallarla təltif olunmuş, Azərbaycanın əməkdar elm xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.

Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafı yolunda əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafata layiq görülmüşdür.

Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. Azərbaycan tibb elminin yeni nəsil həkimləri alimin elmi irsindən və təcrübələrindən yararlanaraq daha böyük nailiyyətlərə doğru inamla addımlayırlar. O, özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Təsadüfi deyil ki, Moskva oftalmoloji məktəbi Zərifə xanımı “oftalmologiyanın mirvarisi” adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov vaxtilə deyirdi ki: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada O, bir nömrəli idi”.

Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, dünya şöhrətli alim Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, geniş vüsət alır, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Zərifə xanım Əliyeva insanları çox sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Bütün yaradıcılığında yüksək vətənpərvərlik hissi özünü büruzə verir, bu xüsusiyyət ətrafındakılara münasibətində də aydın görünürdü.

Görkəmli elm xadiminin tibb elminin inkişafındakı xidmətləri bu gün əsl nümunədir. Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, görkəmli ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq kimi Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası və elmi fəaliyyəti zəngin və çoxcəhətlidir. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə olacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Sevda Quluyeva

YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər