13 aprel 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatının 41-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə YAP Ağstafa rayon təşkilatının əməkdaşları və “Mərkəzi Xəstəxana” Ərazi Partiya Təşkilatından olan partiya fəalları iştirak ediblər.
İlk öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, akademik-alim Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirilib ki, layiqli övlad, etibarlı həyat yoldaşı, fədakar ana, peşəkar həkim olan Zərifə xanım Əliyeva təkcə gözlərinə işıq verdiyi, nur bəxş etdiyi minlərin, milyonların deyil bütün Azərbaycanın qəlbində, işığında, nurunda əbədi yaşayacaqdır.
Daha sonra çıxış edən natiqlər - “Mərkəzi xəstəxana” Ərazi Partiya Təşkilatının sədr müavini Həcər Namazova, partiya fəalları, həkim Gülnar Abdullayeva və Teyyub Carçıyev akademik Zərifə xanım Əliyevanın elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri barədə, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsindən və zəngin mənəviyyata sahib olmasından bəhs ediblər.