PDF Oxu

Siyasət

  • 626

Qayğıkeş və xeyirxah insan - ŞƏRH

image

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə xanım Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.

Alim öz tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə xüsusi diqqət yetirirdi: diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır. Elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirmişdir. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur.

Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanım Əliyevanın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Zərifə xanım Əliyevanın adı çəkiləndə hər kəsin dilindən səslənən ifadə bu olur: Gözəl qəlbli, qayğıkeş və xeyirxah insan. Qaranlıq gözlərə nur parlayan, həyatın gözəlliklərindən zövq alan, oftalmologiya elmində xüsusi dəsti-xətti ilə iz qoyan akademik Zərifə xanım Əliyeva əməlləri ilə əbədiyaşarlılıq qazananlardan biridir.

Bu gün müasir müstəqil, qalib Azərbaycan uğurları ilə hər birimizi qürurlandırır. Ölkəmizə hansı sahədən baxsaq böyük inkişafı, tərəqqini görürük. Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır. İnsanların müayinə və müalicə üçün digər ölkələrə üz tutmalarına artıq ehtiyac yoxdur. Azərbaycanda fəaliyyət göstərən xəstəxanalar yüksək ixtisaslı tibb işçiləri ilə təmin edilib. Həmçinin beynəlxalq standartlara cavab verən avandanlıqlarla təchiz olunub. Bunlar Ulu Öndər Heydər Əliyevin xalqına, Vətəninə, dövlətinə sevgisindən, hər zaman Azərbaycanı yüksək zirvələrdə görmək istəyindən irəli gələn düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva sağlıqlarında əfsanəyə çevrilən şəxsiyyətlərdir. Ulu Öndər və Zərifə xanım Əliyeva övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Prezident İlham Əliyev kimi siyasətçini xalqımıza bəxş etmişdilər. Ulu Öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev dahi şəxsiyyətin şah əsəri olan müasir müstəqil Azərbaycanı dünyaya qalib, bütövləşən, yeni dövrə qədəm qoyan ölkə kimi təqdim edir. Azərbaycan hər sahədə zəngin təcrübəsi ilə diqqətdədir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Digər xəbərlər