Dünya fəlsəfəsində xoşbəxtlik haqqında minlərlə tərif var. Lakin Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım haqqında dediyi bu fikirlər edilən təriflərin ən ali məqamını ifadə edir.
Ulu Öndər Heydər Əliyevin böyük ehtiramla xatırladığı akademik Zərifə xanım Əliyeva Azərbaycanın mənəviyyat salnaməsində silinməz iz qoymuş nadir şəxsiyyətlərdən biridir. Onun ömür yolu təkcə bir həkimin və ya alimin fəaliyyəti deyil, həm də humanizmin, nəcabətin ən yüksək zirvəsidir.
Müasir tariximizdə Zərifə xanım Əliyeva obrazı həm də mükəmməl Azərbaycan qadını, vəfalı həyat yoldaşı və fədakar ana rəmzidir. O, ən mürəkkəb siyasi dövrlərdə Ulu Öndərin ən sadiq dayağı, mənəvi arxası olmuşdur. Onun xeyirxahlığı heç bir sərhəd tanımırdı.
Ulu Öndərin böyük səmimiyyətlə bəhs etdiyi bu 'nur' və 'xeyirxahlıq şəfəqləri' Zərifə xanımın hələ ilk gənclik illərindən, doğulub boya-başa çatdığı ailə mühitindən süzülüb gəlirdi.
Zərifə xanım Əliyevanın parlaq ömür yolu 1923-cü il aprelin 28-də qədim Naxçıvan torpağında, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində başlayıb. Bu ailədə aldığı tərbiyə, mənəvi saflıq və vətənpərvərlik hissləri onun gələcək xarakterinin təməlini qoymuşdu. Ulu Öndərin bəhs etdiyi o "böyük ürək" məhz bu nəcabətli mühitdə formalaşmışdı.
Təhsil illərində göstərdiyi əzmkarlıq onu Azərbaycan Dövlət Tibb İnstitutuna, oradan isə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna qədər aparıb çıxardı. O, hələ gənc yaşlarından tibb elminə sadəcə bir peşə kimi deyil, insanlığa xidmət vasitəsi kimi yanaşırdı. İş həyatına başladığı ilk illərdən etibarən Azərbaycanın səhiyyə sistemində, xüsusilə o dövrün ağır bəlası olan traxoma xəstəliyinə qarşı mübarizədə misilsiz fədakarlıq nümayiş etdirdi. Rayon-rayon gəzərək, ən ucqar kəndlərdə xəstələrə şəfa paylayan Zərifə xanım, elmi araşdırmalarını laboratoriya divarları arasında deyil, birbaşa həyatın içində, insanların ağrı-acısını duyaraq həyata keçirirdi.
O, oftalmologiya elmində çoxsaylı monoqrafiyaların və ixtiraların müəllifi idi. Lakin onun üçün ən böyük mükafat Heydər Əliyevin də qeyd etdiyi kimi, "insanların rəğbəti və sevgisi" idi. Uzun illər Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən həm peşəkar kadrlar yetişdirmiş, həm də minlərlə insanın qaranlıq dünyasını işıqlandırmışdır. Onun iş həyatı bir alimin zirvəyə qalxması ilə yanaşı, həm də bir xeyirxahlıq missiyasının icrası idi.
Zərifə xanım Əliyevanın ömür yolu bizə sübut edir ki, əsl xoşbəxtlik və əbədiyyət insanın vəzifəsi və ya titulları ilə deyil, arxasında qoyduğu xeyirxah izlərlə ölçülür. Ulu Öndər Heydər Əliyevin böyük məhəbbətlə xatırladığı o "əbədi şərəfli ad" bu gün hər bir azərbaycanlının qəlbində yaşayır.
Zaman keçsə də, Zərifə xanımın ətrafına saçdığı o "xeyirxahlıq şəfəqləri" sönmür, əksinə, gələcək nəsillərin yoluna işıq salmağa davam edir. Onun xatirəsi hər zaman hörmətlə anılacaq, çünki o, yaşarkən hər kəsin qəlbində özünə taxt qurmuşdu. Heydər Əliyevin dediyi kimi, o, həqiqətən də sağlığında insanların rəğbətini qazanan və bu dünyayla vidalaşandan sonra tarixin yaddaşında unudulmaz bir iz qoyan ən xoşbəxt şəxsiyyətlərdən biri kimi qalacaqdır.
Türkanə Kərimova
YAP Babək rayon təşkilatının əməkdaşı