PDF Oxu

Siyasət

  • 998

Unudulmaz alim və nəcib insan - ŞƏRH

image

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 23-cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın gəlişi ilə yaddaqalan olmuşdu. Atası Əziz Məmmədkərim oğlu Əliyev və anası Leyla Cabbar qızı Abbasova əbədi və əzəli torpağımız olan İrəvan mahalında anadan olmuşlar.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik bir alim kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Zərifə xanım Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur. Zərifə xanımın obrazını canlandırarkən onun sədaqətli olması mütləq ön sırada gəlir. O, Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla, bütün dünyanın gözü qarşısında isbat etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, Əməkdar elm xadimi adına, "Qırmızı əmək bayrağı" ordeninə layiq görülmüş, o zaman üçün əlçatmaz sayılan "Averbax" mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etmişdir. Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf etmişdir. Akademiyada Zərifə xanımın adına mükafat təsis olunmuşdur. Bakıda məktəb-lisey Zərifə xanımın adını daşıyır. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır.

Gülnaz Rüstəmova

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər