Göygöldə “Səhərsalma və Memarlıq İli” çərçivəsində akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş "Gözlərə işıq verən, nurlu baxışlarda və qəlblərdə yaşayan insan" adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin və Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş nitqi ilə çıxış edərək görkəmli elm xadimi, oftalmoloq Akademik Zərifə xanım Əliyevanın həyat fəaliyyətindən, onun tibb elminə verdiyi sanballı töhfələrdən bəhs etmiş, qazandığı nailiyyətlərdən və yüksək titullara layiq görülməsindən danışmış, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitabın müəllifi məhz akademik Zərifə xanım Əliyeva olduğunu bildirmişdir. Zərifə xanımın 1954-cü ildə unudulmaz dahi şəxsiyyət Heydər Əliyevlə xoşbəxt bir ailənin təməlini qoyaraq, birlikdə əsl ailə etalonu yaratdıqlarını qeyd edərək, Zərifə xanımın zərif, həssas qadın, mehriban ömür-gün yoldaşı, qayğıkeş ana kimi qürurla anıldığını vurğulamışdır. Vüqar İsayev dünyada şöhrət qazanmış Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasətdən, dövlətçiliyimizin inkişafı və xalqın firavanlığı naminə göstərdiyi xidmətlərdən danışmış, onu xalqımıza bəxş edən Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya allahdan rəhmət diləmişdir.
Sonra Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Vasif Əliyev, şöbə müdiri Vilayət Musayev və digərləri çıxış edərək ömrü boyu insanları qaranlıqdan işığa daşıyan, xalqın, millətin sağlamlıq qayğıları ilə yaşamış Zərifə xanım Əliyevanın həyat yolundan və yüksək insani keyfiyyətlərindən danışmışlar. Natiqlər Zərifə xanım Əliyevanın tibb sahəsində və xüsusilə oftalmologiya sahəsində elmə verdiyi töhfələrdən, yaratdığı dəyərlərdən daim insanların sağlamlığı üçün istifadə olunacağından bəhs edərək, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərinə görə Zərifə xanım Əliyevanın əziz xatirəsinin qədirbilən xalqımız və onu tanıyanlar tərəfindən daim hörmət və ehtiramla anılacağını bildirmişlər.