“Azərbaycanın milli maraqlara əsaslanan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ölkəni regional gücdən qlobal miqyaslı etibarlı strateji tərəfdaşa çevirib. Bu günlərdə dövlət başçısı İlham Əliyevin Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı ölkəmizin beynəlxalq nüfuzunun təqdimatında əhəmiyyətli rol oynadı. “Avropa - güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunan, 50-yə yaxın dövlət və hökumət başçısını bir araya gətirən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji, nəqliyyat və digər sahələrdə tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Dövlətimizin başçısının tədbir çərçivəsində qarşı tərəflərin müraciəti ilə keçirdiyi çoxsaylı görüşlər, “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirakı və çıxışı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması özündə mühüm məqamları ehtiva edir. Prezident İlham Əliyev “Rəqabətqabiliyyətli Avropanın yaradılması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolundan, o cümlədən Avropa İttifaqına qaz ixracının genişləndirilməsindən bəhs etdi. Dublin Zirvə Toplantısının Azərbaycan üçün ən mühüm nəticələrindən biri Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində rəsmiləşdirilməsi oldu. Cənab İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğu və enerji sahəsində 30 ildən artıq davam edən tərəfdaşlıq xüsusi vurğulandı. Sözügedən sənəd iki ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir. Birgə Bəyannamə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, iqtisadiyyat, enerji, bərpaolunan enerji, təhsil, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar, həmçinin Orta Dəhlizin inkişafı sahələrini əhatə edir”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, Birləşmiş Krallıq Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrında tanıyıb: “İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci il tarixində qoyulub. Birləşmiş Krallığın Azərbaycanda səfirliyi 1993-cü ilin sentyabr ayında, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfirliyi 1994-cü ilin yanvar ayında açılıb. 2016-cı ildə Azərbaycan Respublikası və Birləşmiş Krallığın xarici işlər nazirlikləri arasında strateji dialoq mexanizmi yaradılıb. Strateji dialoqun sonuncu iclası 2023-cü ilin iyun ayında Londonda keçirilib. Azərbaycanla Böyük Britaniya arasında münasibətlərin möhkəm tarixi və iqtisadi əsasları var. Britaniya Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayıb. Ölkəmizə yatırılmış böyükhəcmli investisiyalar, xüsusilə bp-nin iştirakı ilə həyata keçirilən neft-qaz layihələri iki dövlət arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın əsasını təşkil edib. Münasibətlərimiz strateji tərəfdaşlıq ruhunda genişlənir. Ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynayan əsas amillərdən biri dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, həmçinin imzalanan sənədlərdir. Azərbaycan və Birləşmiş Krallıq arasında bu günədək 30-a yaxın sənəd imzalanıb. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkənin münasibətlərində mühüm siyasi hadisədir. Bu sənədin əhəmiyyəti yalnız diplomatik münasibətlərin inkişafı çərçivəsində qiymətləndirilmir. Bu baxlmdan ki, söhbət dünyanın aparıcı siyasi, iqtisadi və hərbi güclərindən biri ilə Azərbaycanın əməkdaşlığının yeni mərhələyə keçməsindən gedir. Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir, NATO-nun aparıcı dövlətləri sırasında yer alır, beynəlxalq maliyyə, ticarət və təhlükəsizlik sistemində mühüm təsir imkanlarına malikdir. Ölkələrimiz arasında əlaqələrin dövrün çağırışlarına uyğun olaraq yeni müstəviyə keçməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu, möhkəmlənən mövqeyini bir daha nümayiş etdirir. Azərbaycan Avrasiyanın təhlükəsizlik, nəqliyyat, enerji və geoiqtisadi əməkdaşlıq sistemində əhəmiyyətli tərəfdaşa çevrilib”.
Malik Həsənov vurğulayıb ki, Birgə Bəyannamənin əhatə etdiyi sahələrin hər biri Azərbaycan üçün strateji əhəmiyyətə malikdir: “Sənəd təsdiqləyir ki, tərəflər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə və normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, eləcə də suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacaqlar. Birgə Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımları alqışlanır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi daşıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir. Güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın, açıq ticarətin, investisiyaların və innovasiyanın hər iki iştirakçı üçün uzunmüddətli sabitlik və rifahın vacib təməlləri olduğu qəbul edilir”.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantılarında iştirakı və Avropa İttifaqı rəhbərliyi ilə apardığı yüksəksəviyyəli müzakirələr Azərbaycanın beynəlxalq arenada artan rolunun və nüfuzunun təsdiqidir: “Dövlət başçısının bu platformalardan ünvanladığı çağırışlar və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın davamlı olaraq beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də ölkənin xarici siyasətindəki əsas prioritetləri özündə ehtiva edir. Ölkəmiz Şərqlə Qərb arasında unikal diplomatik körpü rolunu uğurla yerinə yetirir. 2028-ci ildə “Avropa Siyasi Birliyi” Sammitinin Bakıda keçirilməsinə dair qərar da bu çoxşaxəli diplomatiyanın mühüm tərkib hissəsidir. Azərbaycan beynəlxalq münasibətlərdə öz milli maraqlarını qorumaqla yanaşı, yeni tərəfdaşlıqlar qurur, diplomatik imkanlarını genişləndirir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq bu uzaqgörən siyasətin mühüm nəticəsi olmaqla bərabər, gələcək inkişaf üçün yeni üfüqlər açır. Dublin Sammiti bir daha sübut etdi ki, Azərbaycan yalnız regionun gələcəyinin müzakirə olunduğu platformalarda iştirak etmir, həm də bu gələcəyin formalaşmasına töhfələr verir”.