PDF Oxu

Siyasət

  • 259

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıqdan gələcəyə uzanan yol - ŞƏRH

Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıqdan gələcəyə uzanan yol - ŞƏRH

Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və etibarlı tərəfdaşlarla əlaqələrin yeni müstəviyə yüksəldilməsi ölkəmizin xarici siyasət strategiyasının əsas istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması mühüm siyasi və diplomatik hadisə kimi xüsusi əhəmiyyət daşıyır.

2026-cı il noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhəm tərəfindən imzalanan sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini nəzərdə tutur. Bəyannamə qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsiplərinə əsaslanaraq Azərbaycan-Böyük Britaniya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilməsini təsbit edir. Bu sənədin siyasi əhəmiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin tarixi inkişafına nəzər salmaq lazımdır. İki ölkə arasında diplomatik əlaqələr uzun illərdir ki, müxtəlif sahələri əhatə edir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də imzalanmış Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətlərin hüquqi və siyasi əsaslarının formalaşmasında mühüm rol oynayıb.
Yeni Birgə Bəyannamə isə həmin təməllər üzərində qurularaq əməkdaşlığın daha geniş istiqamətlərini müəyyənləşdirir. Sənədin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada siyasi dialoqla yanaşı, iqtisadiyyat, ticarət, investisiya, müdafiə və təhlükəsizlik, təhsil, elm, innovasiya və texnologiyalar sahəsində konkret əməkdaşlıq istiqamətləri müəyyən olunur.
Bəyannamənin mühüm müddəalarından biri tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətə sadiqliyini bir daha təsdiqləməsidir.
Ölkəmiz beynəlxalq münasibətlərdə dövlətlərin suveren bərabərliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qorunmasını daim müdafiə edib. Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Sülh Sammitinin Bəyannaməsinin əhəmiyyətinə də diqqət yetirilir. Böyük Britaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün əldə olunması istiqamətində ikitərəfli dialoqa dəstəyini ifadə edir. Bu müddəa Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh gündəliyinin irəli aparılması istiqamətində göstərdiyi səylər beynəlxalq əməkdaşlıq üçün də yeni imkanlar açır.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Böyük Britaniya Azərbaycanın müstəqillik dövründə iqtisadi tərəfdaşlıq qurduğu ölkələrdən biridir. Xüsusilə enerji sektorunda formalaşmış əməkdaşlıq iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verib. Yeni Bəyannamə bu əməkdaşlığın ənənəvi sahələrlə məhdudlaşmamasını, iqtisadi münasibətlərin şaxələndirilməsini və yeni investisiya imkanlarının yaradılmasını nəzərdə tutur. Bəyannamədə xüsusi diqqət yetirilən məsələlərdən biri Orta Dəhlizin inkişafıdır. Müasir geosiyasi və geoiqtisadi şəraitdə beynəlxalq nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti daha da artır. Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi genişmiqyaslı layihələrlə Şərqlə Qərb arasında mühüm bağlantı mərkəzinə çevrilib. Orta Dəhlizin inkişafı yalnız yükdaşımaların həcminin artırılması demək deyil. Bu, eyni zamanda, yeni iqtisadi əlaqələrin qurulması, regional ticarətin genişlənməsi, investisiya imkanlarının artması və ölkələr arasında qarşılıqlı asılılığa əsaslanan əməkdaşlıq mühitinin formalaşması deməkdir. Azərbaycanın nəqliyyat-logistika imkanlarının Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində daha geniş şəkildə təşviq edilməsi ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin inkişafına əlavə töhfə verə bilər.
Sənəddə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşmə, aşağı karbon texnologiyaları və enerji təhlükəsizliyi məsələləri də mühüm yer tutur. Azərbaycanın zəngin enerji potensialı, xüsusilə Xəzər dənizində külək enerjisi imkanları və digər bərpaolunan enerji mənbələri ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlıq üçün geniş perspektivlərə malik olduğunu göstərir. Yaşıl enerji keçidi istiqamətində Böyük Britaniya ilə təcrübə və texnologiya mübadiləsi, investisiya layihələrinin həyata keçirilməsi və yeni maliyyə mexanizmlərinin tətbiqi qarşılıqlı maraqlara xidmət edə bilər. Bu əməkdaşlıq Azərbaycanın enerji siyasətinin şaxələndirilməsi, ekoloji dayanıqlılığın təmin edilməsi və müasir iqtisadi çağırışlara uyğun inkişaf modelinin formalaşdırılması baxımından əhəmiyyətlidir.
Birgə Bəyannamənin digər mühüm istiqaməti təhsil, elm, tədqiqat və innovasiya sahələrini əhatə edir. Sənəddə ali və peşə təhsili, rəqəmsal bacarıqların inkişafı, elmi-tədqiqat müəssisələri və universitetlər arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Süni intellekt, rəqəmsal idarəetmə, müasir texnologiyalar və innovasiya sahələrində təcrübə mübadiləsi də tərəfdaşlığın prioritetləri sırasındadır. Bu müddəalar xüsusilə gənc nəslin müasir biliklərə yiyələnməsi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması və Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı baxımından aktualdır.
İki ölkənin universitetləri, elmi-tədqiqat mərkəzləri və biznes strukturları arasında əlaqələrin genişlənməsi yeni layihələrin və birgə təşəbbüslərin yaranmasına şərait yarada bilər. Bundan əlavə, xalqlararası əlaqələrin, mədəni münasibətlərin və peşəkar şəbəkələrin inkişafı tərəfdaşlığın ictimai əsaslarını da möhkəmləndirəcək.
Birgə Bəyannamənin mühüm xüsusiyyətlərindən biri də onun icrasının davamlı mexanizminin müəyyən edilməsidir. Sənədə əsasən, tərəflər hər il Strateji Tərəfdaşlıq görüşü keçirməyi, əldə olunan nəticələri nəzərdən keçirməyi, gələcək prioritetləri müəyyənləşdirməyi və praktiki əməkdaşlığın davamını razılaşdırmağı nəzərdə tuturlar. Bu yanaşma sənəddə əks olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi, əməkdaşlıq istiqamətlərinin konkretləşdirilməsi və qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması üçün institusional əsas yaradır.
Nəticə etibarilə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkənin münasibətlərində yeni səhifə açır. Sənəd siyasi dialoqdan iqtisadi əməkdaşlığa, təhlükəsizlikdən innovasiyaya, təhsildən yaşıl enerjiyə qədər geniş sahələri əhatə etməklə qarşılıqlı əlaqələrin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu hadisə Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi çıxış etməsinin, milli maraqlara əsaslanan çoxşaxəli xarici siyasət yürütməsinin və müxtəlif ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq qurmaq imkanlarının göstəricisidir.
Əsas məsələ bundan sonra Bəyannamədə müəyyən edilmiş istiqamətlərin konkret layihələrə, iqtisadi nəticələrə, yeni investisiyalara, elmi və texnoloji əməkdaşlığa çevrilməsidir. Məhz bu nəticələr Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcək inkişafını müəyyən edəcək.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər