PDF Oxu

Siyasət

  • 246

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında yeni mərhələ açır - ŞƏRH

Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında yeni mərhələ açır - ŞƏRH

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilə bilər. Sənəd Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsini, qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldilməsini nəzərdə tutur.
2026-cı il noyabrın 12-də Dublin şəhərində qəbul edilən Bəyannamə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanıb. Sənəd iki ölkə arasında mövcud əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, gələcək əməkdaşlığın əsas istiqamətlərini və prioritetlərini də müəyyənləşdirir. Bəyannamənin mühüm xüsusiyyətlərindən biri onun Azərbaycan-Böyük Britaniya münasibətlərini yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşdırmamasıdır. Sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil, elm və innovasiya sahələri əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib. Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi yer ayrılıb. Tərəflər regional sülhün və sabitliyin qorunması, ümumi təhlükələrə qarşı mübarizə imkanlarının artırılması və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər. Bu çərçivədə hərbi təlimlərin keçirilməsi, müdafiə sahəsində kadr potensialının artırılması, təcrübə mübadiləsi və müdafiə sənayesi üzrə birgə təşəbbüslərin imkanlarının araşdırılması nəzərdə tutulur. Eyni zamanda, hüquq-mühafizə orqanları arasında əlaqələrin genişləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığın gücləndirilməsi də sənəddə əksini tapıb.
Bəyannamənin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Tərəflər qarşılıqlı ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsini, iqtisadiyyatın şaxələndirilməsini və biznes subyektləri arasında birbaşa münasibətlərin inkişafını əsas prioritetlərdən biri kimi müəyyən ediblər. Sənəddə bərpaolunan enerji, infrastruktur və xidmətlər sektoru xüsusi diqqət mərkəzindədir. Bu sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulması, təcrübə və bilik mübadiləsinin aparılması, yeni iş yerlərinin yaradılması və iqtisadi dəyərin artırılması nəzərdə tutulur. Azərbaycanın regional nəqliyyat və logistika imkanları da əməkdaşlığın vacib istiqamətlərindəndir. Xüsusilə Orta Dəhlizin inkişafına dəstək verilməsi, nəqliyyat və infrastruktur layihələrinin təşviqi iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyət daşıyır. Bu layihələr regionun beynəlxalq ticarət əlaqələrində mövqeyinin möhkəmlənməsinə də töhfə verə bilər. Bununla yanaşı, yaşıl enerji keçidi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşmə və aşağı karbonlu texnologiyaların tətbiqi üzrə əməkdaşlıq da sənədin əsas müddəalarındandır. Maliyyə və kapital bazarları sahəsində təcrübə mübadiləsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi də nəzərdə tutulan məsələlər sırasındadır.
Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi Azərbaycanın xarici siyasətində mühüm geosiyasi məna daşıyır. Çünki Böyük Britaniya Avropanın aparıcı iqtisadi və maliyyə mərkəzlərindən biri olmaqla yanaşı, həm də beynəlxalq təhlükəsizlik, müdafiə, enerji və maliyyə sistemində mühüm mövqeyə malik dövlətdir.
Birgə Bəyannamədə insan kapitalının inkişafına da mühüm əhəmiyyət verilir. Tərəflər təhsil, elmi tədqiqat, innovasiya və peşə bacarıqları sahələrində əməkdaşlığın dərinləşdirilməsinin uzunmüddətli iqtisadi inkişaf üçün vacib olduğunu vurğulayırlar. Sənəddə universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye sektoru arasında əməkdaşlığın təşviqi də nəzərdə tutulur. Rəqəmsallaşma, yeni texnologiyalar, həyat elmləri, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi tərəflərin diqqət yetirəcəyi məsələlərdəndir.
Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni əməkdaşlıq çərçivəsinin formalaşması baxımından əhəmiyyətlidir. Sənəd siyasi dialoqun, təhlükəsizlik əlaqələrinin, iqtisadi tərəfdaşlığın və humanitar münasibətlərin paralel şəkildə inkişaf etdirilməsinə istiqamətlənib. Xüsusilə Orta Dəhliz, enerji təhlükəsizliyi, yaşıl iqtisadiyyat, müdafiə əməkdaşlığı və innovasiya sahələrində müəyyən edilən prioritetlər gələcək münasibətlərin praktiki məzmununu formalaşdıra bilər.
Bəyannamənin əhəmiyyəti yalnız iki ölkə arasında əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır. Bu sənəd, eyni zamanda, Azərbaycanın beynəlxalq iqtisadi və siyasi əməkdaşlıq imkanlarının artırılması, regional nəqliyyat və enerji layihələrində rolunun gücləndirilməsi, eləcə də yeni tərəfdaşlıq istiqamətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Araz Xudadanov

YAP Sabunçu rayon təşkilatının sədri

Digər xəbərlər