Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlər hər zaman yüksək səviyyəli siyasi dialoq və güclü iqtisadi tərəfdaşlıq üzərində qurulub. Onilliklər ərzində bu əlaqələrin əsas oxunu energetika sektoru – xüsusilə də "Əsrin müqaviləsi" və Xəzər dənizindəki karbohidrogen ehtiyatlarının işlənməsi təşkil etmişdir. Lakin qlobal geosiyasi dəyişikliklər, iqlim çağırışları və Cənubi Qafqazda yaranan yeni reallıqlar iki ölkə arasındakı əməkdaşlığın şaxələndirilməsini və daha yüksək pilləyə qaldırılmasını zəruri etdi.
Bu baxımdan, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətləri ənənəvi çərçivədən çıxararaq tammiqyaslı strateji müttəfiqlik və hərtərəfli əməkdaşlıq səviyyəsinə yüksəldən tarixi bir sənəddir.
Azərbaycan-Britaniya münasibətlərinin möhkəm təməli ötən əsrin 90-cı illərində qoyulmuşdur. İki ölkə arasında əlaqələrin inkişafı 1994-cü il Dostluq və əməkdaşlıq bəyannaməsi, 1998-ci il Dostluq münasibətləri və tərəfdaşlıq bəyannaməsi mühüm mərhələlər olmuşdur.
Yeni Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə məhz bu tarixi irsə əsaslanaraq, müasir dövrün çağırışlarına cavab verən keyfiyyətcə yeni mexanizmləri ehtiva edir. Birgə Bəyannamə qarşılıqlı maraq doğuran bir sıra mühüm sahələri əhatə edir
Tərəflər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqliklərini qəti şəkildə bəyan ediblər.
Birləşmiş Krallıq Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları, xüsusilə də 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini vurğulayaraq regionda davamlı sülhə nail olunması səylərinə güclü dəstəyini ifadə edib.
Regional sabitliyin qorunması məqsədilə hərbi təlimlər, müdafiə sənayesi sahəsində birgə təşəbbüslər və hərbi kadr hazırlığı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.Transmilli təhdidlərə, kiberhücumlara və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə və sərhəd idarəçiliyi qurumları arasında təcrübə mübadiləsi dərinləşdirilir.İkitərəfli ticarət dövriyyəsinin şaxələndirilməsi və Britaniya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiyalarının artırılması əsas hədəflərdəndir.
Xüsusilə Orta Dəhliz layihəsinin inkişafı, nəqliyyat və logistika imkanlarının optimallaşdırılması diqqət mərkəzindədir.
Ənənəvi neft-qaz əməkdaşlığı ilə yanaşı, bərpa olunan enerji mənbələri (günəş, külək enerji layihələri), yaşıl maliyyə və aşağı karbonlu texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsinə xüsusi yer ayrılıb. Bu sahədə Hökumətlərarası Birgə İqtisadi Komissiya əsas əlaqələndirici platforma kimi çıxış edir.Gənclərin inkişafı, elm, innovasiya və rəqəmsal transformasiya sahələrində ikitərəfli proqramların gücləndirilməsi razılaşdırılıb.Britaniya universitetlərinin Azərbaycandakı fəaliyyəti, tələbə mübadiləsi proqramları və akademik əməkdaşlıq iki xalq arasındakı dostluq bağlarını daha da möhkəmləndirir. Münasibətlərin yalnız enerji sektoru ilə məhdudlaşmadığını, həm də təhlükəsizlik, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və təhsil kimi strateji sahələri əhatə etdiyini nümayiş etdirir.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Birləşmiş Krallıq ilə əlaqələrin strateji səviyyəyə qaldırılması Azərbaycanın qlobal və regional proseslərdəki mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.Sənəd Britaniya işgüzar dairələrinin Azərbaycana olan etimadını artırır və ölkəmizin yaşıl iqtisadiyyata keçid prosesinə mühüm töhfə verir.Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında onilliklər boyu formalaşmış etibarlı tərəfdaşlığın məntiqi nəticəsi və gələcək inkişafın yol xəritəsidir. Bu sənəd həm regional sabitliyə və təhlükəsizliyə xidmət edir, həm də iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişaf baxımından geniş imkanlar açır.
Vüqar İsmayılov
Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının əməkdaşı