Azərbaycan tibb elminin inkişaf tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətlərdən biri Zərifə Əliyevadır. Onun adı yalnız bir alim və həkim kimi deyil, həm də yüksək dəyərlərə, insanpərvərliyi və peşəsinə sonsuz sədaqəti ilə yadda qalmışdır. Zərifə Əliyevanın həyat və fəaliyyəti Azərbaycan səhiyyəsinin tərəqqisi naminə fədakar xidmətini, elmi axtarışlarının, humanistliyinin vəhdətini əks etdirən parlaq bir nümunədir.
1923 – cü ildə ziyalı ailəsində dünyaya göz açan Zərifə Əliyeva elmə və biliyə dərin maraqla böyümüşdür. Onun formalaşmasında ailə mühitinin, xüsusilə də ictimai – siyasi xadim Əziz Əliyevin təsiri mühüm rol oynamışdır. Gənc yaşlarından məsuliyyət, zəhmətsevərlik və insana xidmət ideası ilə yetişən Zərifə Əliyeva həyat rolunu tibbə həsr etmək qərarına gəlmişdir. O, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alaraq yüksək bilik və peşəkar hazırlıq əldə etmiş, gələcək elmi fəaliyyətinin möhkəm təməlini qoymuşdur.
Zərifə Əliyevanın elmi maraqları əsasən oftalmologiya sahəsini əhatə edirdi. Bu istiqamətdə apardığı fundamental tədqiqatlar onun yalnız ölkə daxilində deyil, beynəlxalq elmi mühitdə də tanıtmışdır. Onun diqqət yetirdiyi əsas məsələlərdən biri sənaye və istehsalat sahələrində çalışan insanların məruz qaldığı göz xəstəlikləri olmuşdur. Kimya və neft sənayesinin sürətli inkişaf etdiyi bir dövrdə bu problem xüsusilə aktual idi. Zərifə Əliyeva həmin sahədə çalışan insanların görmə orqanlarına təsir edən zərərli amilləri dərindən araşdıraraq, peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi istiqamətində mühüm elmi nəticələr əldə etmişdir.
Alimin tədqiqatları nəticəsində bir sıra yeni diaqnostika və müalicə üsulları təklif edilmişdir, bu üsullar praktik səhiyyədə uğurla tətbiq olunmuşdur. O, istehsalat şəraitində çalışan işçilərin sağlamlığının qorunması üçün kompleks yanaşmanın vacibliyini irəli sürmüş tibbi nəzarət sisteminin təkmiləşdirilməsinə töhfə vermişdir. Zərifə Əliyevanın bu sahədəki, fəaliyyəti yalnız xəstəliklərin müalicəsinə deyil, eyni zamanda onların qarşısının alınmasına yönəlmişdir ki, bu da onun elmi yanaşmasının müasir qabaqcıl xarakter daşıdığını göstərir.
Elmi fəaliyyətlə yanaşı , Zərifə Əliyeva pedoqoji sahədə də mühüm rol oynamışdır. O, gənc kadrların hazırlanmasına xüsusi diqqət yetirir, tələbələrə yalnız nəzəri biliklər deyil, həm də həkimlik peşəsinin etik prinsiplərini aşılayırdı. Onun rəhbərliyi ilə yetişən mütəxəssislər sonradan Azərbaycan səhiyyəsinin müxtəlif sahələrində uğurlu fəaliyyət göstərmiş, onun elmi məktəbini davam etdirmişlər. Bu baxımdan Zərifə Əliyeva yalnız bir alim deyil, həm də bir məktəbin yaradıcısı kimi qiymətləndirir.
Zərifə Əliyevanın fəaliyyətində insan amili hər zaman ön planda olmuşdur. O, həkimlik peşəsinin yalnız bir ixtisas kimi deyil, insanlara xidmət missiyası kimi qəbul edirdi. Onun həyat yolu sadəlik, səmimiyyət və yüksək mənəviyyat nümunəsi idi. Zərifə Əliyeva əldə etdiyi uğurlara baxmayaraq hər zaman təvazökar olmuş, insanlarla ünsiyyət sadəliyini qoruyub – saxlamışdır. Bu keyfiyyətlər onun yalnız alim kimi deyil, həm də böyük insan kimi sevdirən amillərdən idi.
Zərifə Əliyevanın həyatı və fəaliyyəti Azərbaycan səhiyyəsinə həsr olunmuş şərəfli və mənalı bir ömür kimi qiymətləndirilir. O, öz zəhməti, biliyi və insanlara olan sevgisi ilə yaddaşlarda əbədi iz qoymuşdur. Belə şəxsiyyətlər yalnız yaşadığı dövrün deyil, gələcək nəsillərin də mənəvi sərvətinə çevrilir. Zərifə Əliyevanın adı Azərbaycan tibb tarixində daim hörmətlə çəkiləcək və onun xidmətləri heç zaman unudulmayacaqdır.
Səbinə İsmayılova
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü