PDF Oxu

Siyasət

  • 2 744

Elm və humanizmin simvolu -ŞƏRH

image

Bu gün Azərbaycan xalqı görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın əziz xatirəsini dərin hörmət və minnətdarlıq hissi ilə anır. O, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Azərbaycanın tanınmış dövlət və elm xadimi Əziz Əliyevin qızı, Ümummilli Lider Heydər Əliyevin vəfalı həyat yoldaşı və Prezident İlham Əliyevin mehriban anası kimi Zərifə xanım həm elm, həm də ailə həyatında parlaq nümunə olmuşdur.

Zərifə Əliyeva 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, sonralar Moskva şəhərində oftalmologiya ixtisası üzrə təkmilləşmişdir. O, traxoma xəstəliyinin müalicəsi, peşə xəstəlikləri nəticəsində yaranan göz patologiyaları, şəkərli diabet zamanı göz fəsadları və digər aktual problemlər üzrə dərin tədqiqatlar aparmışdır. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olan Zərifə xanım tibb elmləri doktoru, professor və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Onun təşəbbüsü ilə oftalmologiyanın bir sıra yeni istiqamətləri inkişaf etdirilmiş, gənc alimlər nəsli yetişdirilmişdir.

Alimin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən elmi tədbirlər, o cümlədən oftalmologiya sahəsində Ümumittifaq səviyyəli plenumlar Azərbaycan elminin nüfuzunun artmasına xidmət etmişdir. Onun elmi-pedaqoji fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Zərifə xanım uzun illər ərzində gənc həkimlərin yetişdirilməsində mühüm rol oynamış, tibbi etika və deontologiya sahəsində dəyərli əsərlər müəllifi kimi tanınmışdır. Zərifə xanımın zəngin elmi irsi çoxsaylı monoqrafiya, dərs vəsaiti və elmi məqalələrdə öz əksini tapmışdır. Onun müəllifi olduğu əsərlər arasında tibbi etika və deontologiyaya həsr olunmuş “Yüksək etimad” kitabı xüsusi yer tutur. Bu əsər yalnız həkimlər üçün deyil, ümumilikdə insanlara xidmət edən bütün peşə sahibləri üçün mənəvi bələdçi kimi dəyərləndirilir. Alimin digər elmi əsərləri də oftalmologiya sahəsində müasir yanaşmaların formalaşmasına mühüm təsir göstərmişdir.

Zərifə Əliyeva yalnız böyük alim deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik, mehriban ana, sadiq ömür-gün yoldaşı idi. O, insanlara xidmət etməyi, xüsusilə gözləri zəif və ya korluq təhlükəsi ilə üzləşənlərə işıq bəxş etməyi özünün ən ali vəzifəsi hesab edirdi.

Bu gün də onun adı ehtiramla çəkilir, elmi irsi dərin hörmətlə öyrənilir. Zərifə Əliyevanın həyat və fəaliyyəti bir daha sübut edir ki, əsl alim yalnız kəşflər edən deyil, həmin kəşfləri insan həyatına tətbiq edərək cəmiyyətə fayda verən şəxsdir. Onun qoyduğu irs isə Azərbaycan tibb elminin qürur mənbəyi kimi daim yaşayacaqdır.

Vəfa Məmmədova

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər