PDF Oxu

Siyasət

  • 995

Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynayıb

image

Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın anım günü onun zəngin və çoxşaxəli fəaliyyətinə bir daha nəzər salmaq, bu böyük şəxsiyyətin Azərbaycan səhiyyəsinə verdiyi misilsiz töhfələri dəyərləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Zərifə xanım Əliyeva bütün həyatını insan sağlamlığının qorunmasına, tibb elminin inkişafına və milli kadr potensialının formalaşdırılmasına həsr etmiş nadir şəxsiyyətlərdən biri olmuşdur. Onun fəaliyyəti yalnız bir sahə ilə məhdudlaşmamış, həm elmi, həm pedaqoji, həm də ictimai müstəvidə geniş miqyas almışdır.

Zərifə xanım həkimlik peşəsini dərin məsuliyyət və humanizm prinsipləri əsasında həyata keçirərək, minlərlə insana şəfa bəxş etmişdir. Alim-oftalmoloq kimi o, xüsusilə görmə orqanının peşə patologiyalarının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparmış, istehsalat mühitində insan sağlamlığına təsir edən amillərin elmi əsaslarla araşdırılmasına nail olmuşdur. Onun hazırladığı müalicə üsulları qısa müddətdə respublikanın müxtəlif tibb müəssisələrində geniş tətbiq edilmiş, praktik səhiyyədə mühüm yenilik kimi qəbul olunaraq böyük nəticələr vermişdir.

Zərifə Əliyevanın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmırdı. O, eyni zamanda yüksək humanist dəyərləri ilə seçilərək kimsəsiz və aztəminatlı uşaqlara xüsusi qayğı göstərmiş, onların sağlamlığının qorunmasını daim diqqət mərkəzində saxlamışdır. Onun bu xüsusiyyəti onu cəmiyyətin yaddaşında təkcə alim kimi deyil, həm də böyük ürək sahibi olan insan kimi yaşatmışdır.

Uzun illər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışan Zərifə xanım gənc həkimlərin hazırlanmasında mühüm rol oynamış, öz zəngin bilik və təcrübəsini gələcək nəsillərə ötürərək milli səhiyyə sisteminin inkişafına töhfə vermişdir. Onun rəhbərliyi və iştirakı ilə aparılan elmi tədqiqatlar əsasən peşə xəstəlikləri, kimyəvi maddələrin görmə orqanına təsiri, profilaktika və müalicə üsullarının təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə etmişdir ki, bu da böyük tətbiqi əhəmiyyət kəsb etmişdir.

Zərifə xanım Əliyevanın elmi maraqları yalnız oftalmologiya çərçivəsi ilə məhdudlaşmamış, o, tibbin müxtəlif sahələrinə kompleks yanaşma nümayiş etdirmişdir. Onun müəllifi olduğu monoqrafiyalar və elmi əsərlər Azərbaycan oftalmologiya elminin inkişafında mühüm rol oynamış və bu gün də aktuallığını qorumaqdadır. Alimin elmi fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi kimi onun oftalmologiya sahəsində nüfuzlu M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın olması xüsusi qeyd edilməlidir.

Milli kadr hazırlığı prosesində fəal iştirak edən Zərifə Əliyeva yüzlərlə peşəkar həkimin yetişməsinə töhfə vermiş, onun yetirmələri bu gün də Azərbaycan səhiyyəsində uğurla fəaliyyət göstərirlər. O, yalnız alim kimi deyil, həm də fəal ictimai xadim kimi cəmiyyətin sosial problemlərinə həssas yanaşmış, insanların rifahı naminə təşəbbüslərlə çıxış etmişdir. Bütün bunlarla yanaşı, o, sadəliyi, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri ilə seçilən əsl Azərbaycan ziyalısı nümunəsi olmuşdur.

Ailə, dövlət və şəxsiyyət harmoniyasını özündə cəmləşdirən Zərifə xanım Əliyevanın həyat yolu həm də güclü ailə dəyərlərinin nümunəsidir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilə birlikdə milli dövlətçilik tarixində mühüm rol oynamış ailənin təməlini qoymuşdur. Bu ailədə formalaşan dəyərlər bu gün də dövlət idarəçiliyində öz əksini tapır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə vurğulandığı kimi, Zərifə Əliyevanın həyat fəlsəfəsi xeyirxahlıq, mərhəmət və insanlara bağlılıq üzərində qurulmuşdur.

1985-ci il aprelin 15-də dünyasını dəyişən akademik Zərifə Əliyevanın xatirəsi bu gün də yaşayır. Onun adı ilə fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan səhiyyəsinin qabaqcıl tibb müəssisələrindən biridir və onun ideyalarının davam etdirildiyi əsas mərkəzlərdəndir.

2023-cü ildə onun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması elmi irsinə verilən yüksək dəyərin və xalq sevgisinin bariz nümunəsidir.

Akademik Zərifə xanım Əliyeva Azərbaycan tarixində yalnız görkəmli alim kimi deyil, həm də mənəvi dəyərlərin daşıyıcısı, humanizm nümunəsi və milli ziyalı obrazının təcəssümü kimi qalır. Onun həyat və fəaliyyəti bugünkü və gələcək nəsillər üçün örnəkdir.

Onun qoyduğu elmi irs, yetişdirdiyi kadrlar və aşıladığı dəyərlər Azərbaycan səhiyyəsinin və ümumilikdə cəmiyyətin inkişafında mühüm rol oynamaqda davam edir.

Zərifə xanım Əliyevanın adı Azərbaycan elmində və tibb tarixində daim yaşayacaq və hər zaman işıqlı xatirəsi ehtiramla yad ediləcək.

Mehman Ramazanov,

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər