PDF Oxu

Siyasət

  • 1 310

“Azərbaycan və Rusiya arasında görüşlər çoxşaxəli əməkdaşlığı və dialoqu gücləndirir” - POLİTOLOQ DANIŞDI

image

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Mixail Qaluzin arasında keçirilən görüşdə siyasi, iqtisadi-ticarət və humanitar istiqamətlərin paralel şəkildə müzakirə olunması münasibətlərin tək bir sahəyə deyil, kompleks və çoxqatlı gündəmə əsaslandığını göstərir.”Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.Onun sözlərinə görə, son illərdə iki ölkə arasındakı münasibətlərdə həm əməkdaşlıq, həm də müəyyən gərginlik elementləri paralel şəkildə mövcud olub:”Bir tərəfdən, iqtisadi-ticarət əlaqələri, nəqliyyat-logistika layihələri və regional kommunikasiya xətlərinin inkişafı kimi praqmatik maraqlar əməkdaşlığı təşviq edir. Digər tərəfdən isə Cənubi Qafqazdakı post-münaqişə dövrünün həssaslığı, təhlükəsizlik məsələləri və xüsusilə də AZAL təyyarəsinin vurulması ilə meydana çıxan problemlər münasibətlərin tam sabit və problemsiz xətt üzrə inkişafına imkan vermir. Bu baxımdan, belə görüşlər tərəflərin mövcud vəziyyəti idarə etmək və mümkün riskləri nəzarət altında saxlamaq cəhdinin tərkib hissəsi kimi çıxış edir.Xüsusilə regional təhlükəsizlik məsələlərinin gündəmə gətirilməsi onu göstərir ki, tərəflər Cənubi Qafqazda dəyişən geosiyasi reallıqları nəzərə alaraq riskləri minimuma endirməyə çalışırlar. Azərbaycan üçün əsas prioritetlərdən biri regional sabitliyin qorunması və post-münaqişə dövründə normallaşma prosesinin davam etdirilməsidirsə, Rusiya üçün isə regionda təsir imkanlarının saxlanılması və yeni təhlükəsizlik balansının formalaşmasında rolunun qorunması vacibdir. Bu maraqlar tam üst-üstə düşməsə də, dialoq kanallarının açıq saxlanılması hər iki tərəf üçün strateji zərurət kimi çıxış edir.Görüşün iqtisadi-ticarət və humanitar aspektləri də münasibətlərin daha stabil platformada saxlanılmasına xidmət edir. Xüsusilə enerji, nəqliyyat dəhlizləri və humanitar əlaqələr kimi sahələr siyasi gərginliklərdən qismən daha dayanıqlı əməkdaşlıq sahələri hesab olunur.Digər mühüm məqam ondan ibarətdir ki, bu cür görüşlər yalnız cari problemlərin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda gələcək mərhələdə münasibətlərin hansı çərçivədə inkişaf edə biləcəyinə dair mesaj xarakteri daşıyır. Yəni tərəflər institusional dialoqa üstünlük verdiklərini nümayiş etdirirlər. Odur ki, bu görüş Azərbaycan–Rusiya münasibətlərində stabilləşdirici dialoq xəttinin davam etdiyini göstərir”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər