Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Balaxanı qəsəbəsi, Şəfqət küçəsi 1 (22 saylı şəhər poliklinikası) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına şərait yaratdı.
Çıxış edən 22 saylı şəhər poliklinikasının baş həkimi Zərifə Məmmədova bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, ölkəmizin beynəlxalq nüfuzunun artmasına misilsiz töhfələr verib. YAP müstəqilliyimizin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində əvəzsiz rol oynadı, xalqımızın xilaskarı, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin, eləcə də regionun ən güclü siyasi qüvvəsinə çevrildi.
Daha sonra ərazi ilk partiya təşkilatına yeni sədr və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədrliyinə Zərifə Məmmədovanın, sədr müavinliyinə isə İradə Əzizovanın namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Zərifə Məmmədova Vasif qızı, sədr müavini isə İradə Əzizova Cəfər qızı seçiliblər.
Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.