PDF Oxu

Siyasət

  • 603

Zəfərdən tərəqqiyə: quruculuq və Böyük Qayıdış strategiyası - ŞƏRH

Zəfərdən tərəqqiyə: quruculuq və Böyük Qayıdış strategiyası - ŞƏRH

Azərbaycanın müasir tarixində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər yeni bir dövrün başlanğıcı olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası xalqımızın çoxəsrlik tarixində mühüm hadisəyə çevrilmişdir. Bu Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın başlanması üçün tarixi zəmin yaratmışdır.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin yenidən qurulması, tarixi simasının bərpası və həmin torpaqlarda davamlı yaşayışın təmin edilməsidir. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflər əsasında bölgədə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Uzun illər dağıntılara məruz qalmış şəhər və kəndlər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.
İlk növbədə, ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində mühüm tədbirlər görülür. İnsanların təhlükəsiz yaşayışının təmin edilməsi, infrastrukturun yaradılması və ərazilərin iqtisadi dövriyyəyə qaytarılması quruculuq prosesinin əsas istiqamətlərini təşkil edir.
Qarabağ və Şərqi Zəngəzurda müasir avtomobil yolları, körpülər, tunellər və dəmir yolu xətləri inşa olunur. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi bölgənin nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bu layihələr azad edilmiş ərazilərin ölkənin digər bölgələri və beynəlxalq nəqliyyat dəhlizləri ilə əlaqəsini gücləndirir.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa şəhərlərində aparılan yenidənqurma işləri bölgənin gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Ağdam şəhərində müasir yaşayış məhəllələri, inzibati binalar, sosial obyektlər və ictimai məkanlar yaradılır. Şuşada tarixi-mədəni irsin qorunması, qədim abidələrin bərpası və şəhərin özünəməxsus memarlıq simasının yaşadılması xüsusi əhəmiyyət daşıyır.
Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən ağıllı kənd layihəsi Azərbaycanın müasir yaşayış modellərinin tətbiqi sahəsində mühüm təcrübəsidir. Bu layihə kənd həyatının müasir texnologiyalar, innovativ idarəetmə və ekoloji prinsiplər əsasında təşkilinə nümunədir.
Bölgədə müasir məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və digər sosial obyektlərin tikilməsi insanların rahat yaşayışı üçün zəruri şərait yaradır. Xankəndi şəhərində Qarabağ Universitetinin fəaliyyətə başlaması isə regionun təhsil, elm və intellektual potensialının inkişafında yeni mərhələ açmışdır.
Enerji infrastrukturunun yenidən qurulması, su elektrik stansiyalarının istifadəyə verilməsi və bərpa olunan enerji mənbələrindən istifadə bölgənin dayanıqlı inkişafına xidmət edir. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanın ekoloji siyasətinin mühüm tərkib hissəsidir.
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının, sənayenin, turizmin və digər iqtisadi fəaliyyət sahələrinin inkişafı üçün geniş imkanlar yaradılır. Tarixi abidələrin, məscidlərin və digər mədəniyyət nümunələrinin bərpası milli-mənəvi dəyərlərimizin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Bütün bu işlərin mərkəzində isə insan amili dayanır. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam etdirilir. İllərlə Vətən həsrəti ilə yaşayan ailələrin öz evlərinə dönməsi, övladlarının doğma torpaqlarda təhsil alması və insanların yenidən əmək fəaliyyətinə başlaması bu quruculuq missiyasının ən böyük mənəvi nəticəsidir.
Doğma yurda qayıdış yalnız yeni mənzillərə köçmək deyil, həm də insanların öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə və ata-baba ocaqlarına qovuşmasıdır. Bu proses Qarabağda həyatın bütün sahələrində yenidən canlanmanı təmin edir.
Bu gün Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişafında mühüm yer tutan strateji bölgələrə çevrilir. Burada yaradılan müasir infrastruktur, qurulan yaşayış məntəqələri və həyata keçirilən sosial-iqtisadi layihələr dövlətimizin uzaqgörən inkişaf strategiyasının nəticəsidir.
Azərbaycanın quruculuq missiyası yalnız dağıdılmış şəhər və kəndlərin bərpası ilə məhdudlaşmır. Bu missiya həm də tarixi ədalətin təntənəsi, milli qürurun möhkəmlənməsi və gələcək nəsillər üçün daha güclü Azərbaycanın formalaşdırılması deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti xalqımızın birliyini, dövlətimizin qüdrətini və milli iradəmizi nümayiş etdirir. Qarabağda yüksələn hər bir yeni bina, çəkilən hər bir yol, fəaliyyətə başlayan hər bir məktəb və doğma yurduna qayıdan hər bir ailə Azərbaycanın Zəfər tarixinin davamıdır.
Bu gün Qarabağda yalnız şəhərlər və kəndlər yenidən qurulmur, həm də yeni həyat, yeni ümid və yeni gələcək formalaşır. Qarabağ dirçəlir, Şərqi Zəngəzur canlanır, Azərbaycan isə öz inkişaf yolunda inamla irəliləyir. Bu quruculuq missiyası müstəqil dövlətimizin gücünün, milli birliyimizin və xalqımızın əbədi Zəfərinin təcəssümüdür.

Fuad Zamanov
YAP Naftalan şəhər təşkilatının “Heydər Əliyev prospekti 204” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər