PDF Oxu

Siyasət

  • 569

“44 günlük Zəfər salnaməsi: milli birliyin və sarsılmaz iradənin təntənəsi” - ŞƏRH

“44 günlük Zəfər salnaməsi: milli birliyin və sarsılmaz iradənin təntənəsi” - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar yalnız müəyyən bir dövrün deyil, bütövlükdə dövlətçilik tariximizin və gələcək nəsillərin yaddaşının ayrılmaz hissəsinə çevrilir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi də məhz belə tarixi hadisələrdən biridir. Doğma torpaqlarımızın düşmən əsarətindən xilas edilməsi xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin, qəhrəmanlığının və dövlətimizin qüdrətinin təntənəsi olmaqla yanaşı, uzun illər davam edən işğala son qoyulması, ərazi bütövlüyümüzün bərpası və tarixi ədalətin təmin edilməsi ilə nəticələndi. Azərbaycanın qazandığı möhtəşəm qələbə xalqımızın yaddaşına qızıl hərflərlə yazılaraq milli tariximizin ən şanlı səhifələrindən birinə çevrildi. Bu tarixi Zəfərin əldə olunması heç də təsadüfi deyildi. Belə ki, ölkəmiz uzun illər Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri ilə üzləşmiş, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq ərazilərinin 20 faizini itirmişdi. Bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimiz və dini abidələrimiz vandalizmə məruz qalmışdı. Bütün bunlar xalqımızın yaddaşında silinməz iz buraxmaqla yanaşı, dövlətimiz qarşısında ərazi bütövlüyünün bərpası və tarixi ədalətin təmin edilməsi kimi mühüm vəzifələr müəyyənləşdirmişdi.Yaranmış tarixi reallıqlar fonunda Azərbaycan dövləti işğal faktı ilə heç zaman barışmamış, siyasi və diplomatik müstəvidə bütün imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasını dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyən etmişdi. Bu istiqamətdə Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, xalqın milli iradəsinə əsaslanan siyasəti və beynəlxalq tribunalardan səsləndirdiyi bəyanatlar xüsusi əhəmiyyət daşıyırdı. Dövlət başçısının dəfələrlə qeyd etdiyi “Qarabağ Azərbaycandır!” şüarı isə Azərbaycanın prinsipial mövqeyini ifadə etməklə yanaşı, xalqımızın haqq mübarizəsinin ideoloji əsaslarından birinə çevrildi. Bu çağırış milli iradənin və ərazi bütövlüyümüzün bərpası əzminin rəmzi kimi mübarizəmizin əsas istiqamətini müəyyənləşdirdi və Vətən müharibəsində qazanılan tarixi Zəfərlə öz təsdiqini tapdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları möhtəşəm tarixi dönüşə aparan qəhrəmanlıq salnaməsinin ilk səhifəsini yazdı. Müharibənin gedişində ordumuzun nümayiş etdirdiyi müasir döyüş taktikası, qabaqcıl texnologiyalardan səmərəli istifadə və yüksək koordinasiya dünya hərb tarixində diqqət çəkən hadisələrdən biri oldu. Döyüş meydanında əldə edilən üstünlük illər ərzində həyata keçirilən hərbi islahatların, peşəkar kadr hazırlığının və dövlətin düşünülmüş müdafiə siyasətinin məntiqi nəticəsi idi. Azərbaycan əsgər və zabitlərinin göstərdiyi misilsiz qəhrəmanlıq, fədakarlıq və döyüş əzmi xalqımızın zəngin hərb tarixinin və qəhrəmanlıq ənənələrinin müasir dövrdə də yaşadığını bir daha təsdiqlədi. Vətən müharibəsində əldə olunan qələbənin əsasını təşkil edən mühüm amillərdən biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik idi. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək vətənin müdafiəsi və torpaqlarımızın azadlığı naminə vahid amal ətrafında səfərbər oldu. Cəbhədə döyüşən əsgər və zabitlərimizlə arxa cəbhədə olan vətəndaşlarımız arasında güclü mənəvi bağlılıq formalaşdı. İnsanlar yaşından, sosial statusundan və fəaliyyət sahəsindən asılı olmayaraq ümummilli məqsəd naminə bir yumruq kimi birləşdilər. Bu həmrəylik xalqımızın milli ruhunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümü olmaqla, tarixi qələbənin əldə olunmasında mühüm mənəvi gücə çevrildi. Müharibənin uğurla başa çatmasında hərbi əməliyyatlarla yanaşı, diplomatik və informasiya müstəvisində aparılan mübarizə də mühüm rol oynadı. Prezident İlham Əliyevin beynəlxalq mediaya verdiyi çoxsaylı müsahibələr, dünya ictimaiyyətinə Azərbaycanın haqlı mövqeyini çatdıran tutarlı arqumentləri və diplomatik arenada nümayiş etdirdiyi prinsipiallıq ölkəmizin informasiya mübarizəsində üstünlük qazanmasına əhəmiyyətli töhfə verdi. Dövlət başçısı həm döyüş meydanında, həm beynəlxalq siyasi platformalarda, həm də informasiya məkanında Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edirdi. Bu baxımdan, Vətən müharibəsində qazanılan Qələbə yalnız hərbi uğur deyil, həm də güclü siyasi iradənin, ardıcıl diplomatik fəaliyyətin və məqsədyönlü informasiya mübarizəsinin məntiqi nəticəsi idi. Tarixi Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası, bölgənin iqtisadi potensialının yenidən canlandırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın hərbi qələbəsini real inkişaf və tərəqqi nümunəsinə çevirdiyini nümayiş etdirir. İşğal dövründə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, avtomobil yolları, tunellər, körpülər, hava limanları, enerji və kommunikasiya xətləri istifadəyə verilir, müxtəlif təyinatlı sosial obyektlər inşa olunur. Eyni zamanda, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və dayanıqlı qayıdışının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Yeni yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar və digər sosial müəssisələr yaradılır, əhalinin normal yaşayışı üçün zəruri şərait formalaşdırılır. Həyata keçirilən bu tədbirlər bölgənin iqtisadi imkanlarının genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına, sosial rifahın yüksəldilməsinə və əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir. Ən əsası, uzun illər dağıntılar və viranəlik içində qalmış bu torpaqlarda həyat yenidən canlanır, doğma yurd həsrəti ilə yaşayan insanların qayıdış arzuları gerçəkləşir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın yalnız ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədiyini, eyni zamanda bu bölgələri ölkənin sosial-iqtisadi inkişafının mühüm mərkəzlərindən birinə çevirmək əzmində olduğunu təsdiqləyir. Nəticə etibarilə, Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə xalqımızın əsrlər boyu qoruyub saxladığı azadlıq və müstəqillik arzularının təntənəsi, milli iradəmizin sarsılmazlığının və dövlətimizin qüdrətinin bariz ifadəsidir. Bu Zəfər bir daha sübut etdi ki, güclü dövlət, müasir ordu, qətiyyətli rəhbərlik və vahid amal ətrafında birləşən xalq qarşısında heç bir maneə dayana bilməz. 44 gün ərzində yazılan qəhrəmanlıq salnaməsi Azərbaycan tarixində əbədi yaşayacaq, vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi isə daim ehtiramla yad ediləcəkdir.

İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri

Digər xəbərlər