PDF Oxu

Siyasət

  • 996

Dövlət rəmzinə hörmət – hər bir məsuliyyətli vətəndaşın borcudur - ŞƏRH

Dövlət rəmzinə hörmət – hər bir məsuliyyətli vətəndaşın borcudur - ŞƏRH

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür
Azərbaycan xalqının milli qürurunu, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə əks etdirən Dövlət Bayrağımız ölkəmizin ən müqəddəs rəmzlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü xalqımızın müstəqilliyə, milli birliyə və dövlətçiliyə sədaqətinin ifadəsidir. Üçrəngli bayrağımız Azərbaycan xalqının tarixini, mənəvi dəyərlərini, bu gününü və gələcəyə olan inamını özündə yaşadır.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarixi hadisə xalqımızın müstəqil dövlət qurmaq əzminin parlaq təzahürü idi. Sovet hakimiyyəti illərində bayrağımız rəsmi dövlət rəmzi kimi istifadə olunmasa da, xalqımızın qəlbində müstəqillik arzusu və üçrəngli bayrağa olan sevgi heç vaxt sönmədi.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli Dövlət Bayrağımız yenidən qaldırıldı və bu bayraq Azərbaycan xalqının milli azadlıq mübarizəsinin rəmzinə çevrildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.
Bu gün müstəqil Azərbaycanın Dövlət Bayrağı dalğalandığı hər yerdə xalqımızın milli kimliyini, dövlətimizin suverenliyini və azadlıq iradəsini nümayiş etdirir. Bayrağımızın mavi rəngi türkçülüyü, qırmızı rəngi müasirliyi və demokratiyanı, yaşıl rəngi isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Ay-ulduz isə xalqımızın tarixi və mənəvi dəyərlərinin rəmzi kimi üçrəngli bayrağımıza xüsusi məna verir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Dövlət Bayrağımızın tarixinə yeni və şanlı səhifələr yazdı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın ucaldılması xalqımızın çoxəsrlik dövlətçilik tarixində unudulmaz hadisəyə çevrildi. Xüsusilə Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə Dövlət Bayrağımızın dalğalanması milli qürurumuzun, birliyimizin və qalibiyyətimizin təntənəsidir.
Bu gün Dövlət Bayrağımız yalnız dövlət müəssisələrinin, inzibati binaların və meydanların üzərində deyil, hər bir azərbaycanlının qəlbində dalğalanır. Bayrağa hörmət etmək, onun müqəddəsliyini qorumaq, dövlət rəmzlərinə ehtiramla yanaşmaq hər bir vətəndaşın mənəvi borcudur. Çünki dövlət rəmzlərinə münasibət, əslində, insanın öz Vətəninə, xalqına, tarixinə və dövlətinə münasibətinin göstəricisidir.
Xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Dövlət Bayrağının böyük əhəmiyyəti vardır. Təhsil müəssisələrində, ailələrdə və ictimai mühitdə gənclərə bayrağımızın tarixi, rənglərinin mənası, onun uğrunda mübarizə aparan qəhrəmanlarımızın şücaəti aşılanmalıdır. Gənclər bilməlidirlər ki, bu bayraq asanlıqla əldə edilməyib. Onun ucalığı uğrunda minlərlə Vətən övladı canından keçib, şəhidlik zirvəsinə yüksəlib. Buna görə də bayrağımıza ehtiram göstərmək həm də şəhidlərimizin əziz xatirəsinə hörmət etmək deməkdir.
Dövlət Bayrağı Günü hər birimizi milli həmrəyliyə, dövlətçiliyimizə sədaqətə və Vətənimizin inkişafı naminə daha böyük məsuliyyətlə çalışmağa səsləyir. Hər bir vətəndaş öz fəaliyyəti, əməyi, dövlət qanunlarına hörməti və cəmiyyət qarşısında məsuliyyəti ilə üçrəngli bayrağımızın ucalığına töhfə verməlidir.
Əminliklə demək olar ki, Azərbaycan xalqı öz Dövlət Bayrağını daim uca tutacaq, onun müqəddəsliyini qoruyacaq və gələcək nəsillərə qürurla ötürəcəkdir. Çünki üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin, suverenliyimizin və şanlı Zəfərimizin əbədi rəmzidir.
Bayrağımız daim yüksəklərdə dalğalansın! Azərbaycanımız var olsun!

Qəzənfər Səlimov
YAP Ordubad rayon təşkilatı Azadkənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər