Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk milli Konstitusiyamız ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdur.Müstəqilliyin ilk illərində ölkəmizin qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və sosial çətinliklər dövlət idarəçiliyində yeni yanaşmaların tətbiqini, hüquqi dövlət quruculuğunun təmin edilməsini zəruri edirdi. Məhz belə bir tarixi şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Onun müdrik rəhbərliyi və siyasi iradəsi sayəsində ölkədə sabitlik bərqərar edildi, dövlət institutlarının formalaşdırılması və hüquqi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı.1995-ci il Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini, hakimiyyət bölgüsü prinsipini, dövlət suverenliyini və xalq hakimiyyətini əsas prinsiplər kimi təsbit etdi. Bu tarixi sənəd müstəqil Azərbaycanın hüquqi dövlət kimi inkişafının əsasını qoymaqla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiqliyini də nümayiş etdirdi.
Bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar ölkəmizin inkişafına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, qanunun aliliyinin və insan hüquqlarının qorunmasına mühüm töhfələr verir.
Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Konstitusiyamızın əsas prinsiplərinin ölkəmizin bütün ərazisində təmin edilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Bu gün Konstitusiyamız müstəqil dövlətimizin suverenliyinin, milli birliyinin, hüquqi və demokratik inkişafının başlıca təminatıdır.Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, azad edilmiş ərazilərimizdə yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramının icrası Azərbaycanın gələcək inkişaf hədəflərinin real nəticələridir. Bütün bunlar Konstitusiyada müəyyən edilmiş dövlətçilik prinsiplərinin müasir Azərbaycanın inkişafında mühüm rol oynadığını göstərir.
Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasının, dövlət və cəmiyyət münasibətlərinin tənzimlənməsinin, qanunun aliliyinin təmin edilməsinin əsasını təşkil edir. Onun prinsiplərinə hörmət və riayət etmək hər birimizin vətəndaşlıq borcudur.
Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri