Dövlət rəmzləri hər bir xalqın milli kimliyini, müstəqilliyini, suverenliyini və dövlətçilik ənənələrini özündə əks etdirən müqəddəs dəyərlərdir. Azərbaycan Respublikasının Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni xalqımızın çoxəsrlik tarixinin, milli qürurunun, azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin rəmzləridir. Bu rəmzlərə hörmət etmək yalnız qanunla müəyyən edilmiş vəzifə deyil, həm də hər bir vətəndaşın mənəvi borcu və vətənpərvərlik göstəricisidir.
Azərbaycan xalqı dövlət müstəqilliyini böyük çətinliklər və tarixi sınaqlar nəticəsində əldə edib. Bu gün üçrəngli Dövlət Bayrağımızın ölkəmizin hər bir guşəsində, azad edilmiş torpaqlarımızda və beynəlxalq tədbirlərdə dalğalanması müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin təntənəsidir. Bayrağımızın mavi rəngi türkçülüyümüzü, qırmızı rəngi müasirliyi və inkişafı, yaşıl rəngi isə islam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz isə milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir.
Ümummilli Lider Heydər Əliyev dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə, milli rəmzlərimizin qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi əhəmiyyət verirdi. Onun müəyyən etdiyi dövlətçilik siyasəti nəticəsində Azərbaycan dövlətinin milli atributları xalqımızın birliyini və müstəqilliyini təcəssüm etdirən əsas dəyərlərdən birinə çevrilib. Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfər dövlət rəmzlərimizin mənəvi və siyasi əhəmiyyətini daha da artırıb. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Qələbə, 2023-cü ildə ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərpa olunması üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda əbədi dalğalanmasını təmin etdi. Bu gün Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Zəngilanda və digər azad edilmiş şəhər və kəndlərimizdə dalğalanan Azərbaycan Bayrağı xalqımızın qürur mənbəyidir.
Dövlət rəmzlərinə hörmət ailədən, məktəbdən və cəmiyyətdən başlayır. Uşaqlara və gənclərə Dövlət Bayrağının mənasını, Dövlət Himninin məzmununu, Dövlət Gerbinin mahiyyətini izah etmək onların milli ruhda formalaşmasında mühüm rol oynayır. Xüsusilə təhsil müəssisələrində, dövlət və ictimai tədbirlərdə dövlət atributlarına hörmətlə yanaşılması gənc nəslin vətənə bağlılığını gücləndirir.
Unutmaq olmaz ki, dövlət rəmzlərinə hörmət yalnız bayram və rəsmi mərasimlərdə nümayiş etdirilən münasibət deyil. Bu, gündəlik həyatımızda dövlətçiliyə sədaqət, qanunlara hörmət, milli maraqların qorunması və ölkəmizin inkişafına töhfə vermək kimi konkret davranışlarda özünü göstərməlidir. Hər bir vətəndaş öz fəaliyyəti, məsuliyyəti və davranışı ilə Azərbaycanın nüfuzunun yüksəlməsinə xidmət etməlidir.
Bu gün hər bir azərbaycanlının üzərinə düşən əsas vəzifələrdən biri dövlət rəmzlərimizi qorumaq, onlara hörmətlə yanaşmaq və bu müqəddəs dəyərləri gələcək nəsillərə çatdırmaqdır. Çünki bayrağımıza göstərilən hörmət Vətənimizə, dövlətimizə, tariximizə və milli kimliyimizə göstərilən hörmətdir.
Dövlət rəmzlərimiz müstəqilliyimizin simvolu, milli birliyimizin ifadəsi və gələcək nəsillərə əmanətimizdir. Onlara hörmət etmək hər birimizin vətəndaşlıq borcu və dövlətimizə sədaqətimizin göstəricisidir.
Süleyman Tağıyev
YAP Sədərək rayon təşkilatının məsləhətçisi