PDF Oxu

Siyasət

  • 939

8 Noyabr- Şuşanın əbədi ruhunun qayıdışı

8 Noyabr- Şuşanın əbədi ruhunun qayıdışı

Noyabrın 8-i bu yaddaşın təqvimdəki ən parlaq günüdür2020-ci ildə həmin tarixdə şəhərin işğaldan çıxarılması xəbəri ölkənin hər evində eyni sevinc dalğası yaratdı və 8 Noyabr Şuşa Şəhəri Günü kimi rəsmən qeyd olunmağa başladı. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi. Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edildi.
Şuşanın əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Əvvəlcə Pənahabad adlandırılan şəhər sonralar Şuşa adı ilə tanınmış, qısa müddətdə Qarabağ xanlığının mühüm siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Dəniz səviyyəsindən təxminən 1400–1600 metr yüksəklikdə, əzəmətli qayalar üzərində yerləşməsi Şuşaya xüsusi gözəllik və strateji üstünlük qazandırmışdır. Təbii müdafiə imkanları, sıldırım qayaları, saf havası, mülayim iqlimi və əsrarəngiz mənzərələri bu şəhəri digər yaşayış məntəqələrindən fərqləndirmişdir. Şuşanın qeyri-adiliyi yalnız coğrafi mövqeyində deyil, həm də onun yaratdığı böyük mənəvi və mədəni dəyərlərdədir. Lakin Şuşanın tarixi yalnız mədəni yüksəliş və gözəlliklərdən ibarət deyil. Bu şəhər eyni zamanda ağır sınaqlardan, müharibələrdən və işğal ağrısından keçmişdir. 1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edildi. Bu hadisə Azərbaycan xalqının yaddaşında böyük faciə kimi qaldı. Şuşanın işğalı ilə yalnız bir şəhər deyil, milli-mədəni irsimizin mühüm bir parçası, tarixi abidələrimiz, müqəddəs məkanlarımız və mənəvi sərvətlərimiz də ağır zərbə aldı. Uzun illər ərzində şəhərdəki tarixi abidələr dağıntılara məruz qaldı, mədəni irsimizin bir çox nümunələri təhlükə altına düşdü. Şuşanın işğalı Azərbaycan xalqının qəlbində sağalmaz bir yara açsa da, bu yara heç vaxt milli iradəmizi sarsıda bilmədi. Əksinə, Şuşaya qayıdış arzusu xalqımızın birliyini, mübarizə əzmini və Vətən sevgisini daha da gücləndirdi. Azərbaycan dövləti bütün bu illər ərzində torpaqlarımızın azad olunmasını əsas milli məqsədlərdən biri kimi müəyyənləşdirdi.
Ordumuzun gücləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin artırılması və beynəlxalq
mövqelərinin möhkəmləndirilməsi gələcək Zəfərin əsasını təşkil etdi.
2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Bu müharibənin ən mürəkkəb və taleyüklü mərhələlərindən biri isə Şuşa uğrunda döyüşlər oldu. Şuşanın coğrafi mövqeyi, sıldırım qayalarla əhatə olunması və mürəkkəb relyefi onun azad edilməsini olduqca çətinləşdirirdi. Lakin Azərbaycan əsgərinin Vətən sevgisi, cəsarəti, peşəkarlığı və sarsılmaz iradəsi bütün çətinliklərə qalib gəldi.
Şuşa əməliyyatı hərb tariximizdə özünəməxsus yer tutur. Azərbaycan hərbçiləri ağır relyef şəraitində, piyada şəkildə, mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirərək şəhərə daxil oldular. Bu döyüşlərdə əsgərlərimizin göstərdiyi şücaət, fədakarlıq və qəhrəmanlıq əsl igidlik nümunəsinə çevrildi. Şuşanın azad olunması yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının milli qürurunun, tarixi yaddaşının və sarsılmaz iradəsinin təntənəsi idi. 2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Bu xəbər bütün ölkədə böyük sevinc və qürur hissi ilə qarşılandı. Həmin gün Azərbaycan tarixində əbədi olaraq Zəfər günü kimi yadda qaldı. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin taleyini həll edən mühüm hadisələrdən biri olmaqla yanaşı, xalqımızın illərlə qəlbində yaşatdığı qayıdış arzusunu gerçəkləşdirdi.
Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa - Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

“Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb.İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Prezident İlham Əliyev Şuşaya hər səfərində qədim şəhərimizin yenidən qurulması, bərpa edilməsi istiqamətində aparılan işlərlə tanış olmuş, bu tarixi Azərbaycan torpağının əvvəlki şöhrətinin, simasının özünə qaytarılması üçün xüsusi tapşırıq və tövsiyələrini vermişdir. Bu gün Şuşa və bütün Qarabağ özünün intibah dövrünü yaşa¬yır. Şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır. Dövlətçilik tariximizdə xüsusi yeri olan qədim torpağımız, baş tacımız, Qarabağ xanlığının mərkəzi olan Şuşa da dirçəldilir. Tarixiliklə müasirliyin vəhdətində tikilərək bərpa edilən Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.

Şövqi Həsənov,
YAP Şəmkir rayon təşkilatı Aparatının əməkdaşı

Digər xəbərlər