Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə yaşadan müqəddəs rəmzlər mövcuddur. Azərbaycan xalqı üçün də üçrəngli Dövlət Bayrağımız milli qürurun, suverenliyin, tarixi yaddaşın və dövlət müstəqilliyinin ən mühüm atributlarından biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik tariximizə və azadlıq ideallarımıza ehtiramın ifadəsidir.Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Bu tarixi hadisə xalqımızın müstəqil dövlət quruculuğu yolunda atdığı mühüm addımlardan biri olmuşdur. Üçrəngli bayrağımızın rənglərində ifadə olunan türkçülük, müasirlik və islamçılıq ideyaları Azərbaycan xalqının milli düşüncəsinin, mədəni irsinin və mənəvi dünyasının əsas istiqamətlərini əks etdirir.Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın dövlət rəmzi kimi istifadəsi dayandırılsa da, xalqımızın qəlbində müstəqillik arzusu və milli bayrağımıza bağlılıq heç zaman sönməmişdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız yenidən dövlətçilik rəmzi kimi təsdiq olunmuşdur. Beləliklə, xalqımız öz tarixi varisliyinə, milli iradəsinə və müstəqil yaşamaq əzminə sadiqliyini bir daha nümayiş etdirmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli atributlara ehtiramın artırılması və müstəqilliyin qorunması istiqamətində mühüm addımlar atılmışdır. Dövlət bayrağımızın milli birlik və vətənpərvərlik rəmzi kimi cəmiyyətdəki mövqeyi daha da möhkəmlənmişdir. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın inkişafının ideoloji və siyasi əsaslarından birini təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və dövlət müstəqilliyini möhkəmləndirərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması ilə əbədiləşmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası bu tarixi prosesin mühüm mərhələsi olmuşdur.Bu gün Azərbaycan bayrağının Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Füzulidə və digər azad edilmiş ərazilərimizdə dalğalanması dövlət müstəqilliyimizin və suverenliyimizin əyani təcəssümüdür. Həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçrəngli bayrağımızın kölgəsində həyata keçirilən yeni həyatın başlanğıcını ifadə edir.Dövlət Bayrağı Günü yalnız tarixi bir hadisənin qeyd olunması deyil, həm də hər bir vətəndaşın Vətən qarşısında məsuliyyətini, milli birliyə və dövlətçiliyə sədaqətini xatırladan əlamətdar gündür. Bayrağımıza hörmət etmək dövlətimizə, tariximizə, şəhidlərimizin əziz xatirəsinə və gələcək nəsillər qarşısında məsuliyyətimizə hörmət etmək deməkdir. Bu müqəddəs rəmz xalqımızı vahid amal ətrafında birləşdirir, gənc nəsildə vətənpərvərlik hisslərini gücləndirir, milli kimliyimizin qorunmasına xidmət edir. Üçrəngli bayrağımız bu gün beynəlxalq tədbirlərdə, idman yarışlarında, diplomatik platformalarda və dünyanın müxtəlif ölkələrində Azərbaycanın dövlətçilik iradəsini, milli varlığını və müstəqilliyini təmsil edir.Əminliklə demək olar ki, üçrəngli bayrağımız gələcək nəsillər üçün də azadlığın, milli birliyin və dövlət müstəqilliyinin dəyişməz simvolu olaraq qalacaqdır. Onun daim yüksəklərdə dalğalanması hər bir azərbaycanlının qürur mənbəyi, Vətənə bağlılığının və dövlətimizə sədaqətinin ifadəsidir.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı