"Azərbaycan dövlətinin qarşısında duran əsas strateji prioritetlərdən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsidir".Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.Onun sözlərinə görə, möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində azad edilmiş ərazilərdə qısa müddətdə nəhəng bərpa-quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb: "Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır və bu torpaqlar dirçəliş dövrünü yaşayır.Artıq bir sıra yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi həyata keçirilir və bu proses davamlı xarakter daşıyır.
Hazırda Böyük Qayıdış proqramı çərçivəsində görülən işləri bir neçə əsas istiqamət üzrə qiymətləndirmək olar. İlk növbədə, təhlükəsizlik məsələləri, xüsusilə mina təmizlənməsi prosesi prioritet olaraq davam etdirilir. Paralel olaraq, yol-nəqliyyat infrastrukturu, enerji təminatı, su və kommunikasiya xətləri qurulur, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyaları əsasında müasir yaşayış məntəqələri salınır.Qayıdış sosial həyatın, iqtisadi fəaliyyətin və ictimai institutların yenidən formalaşdırılması deməkdir. Dövlət tərəfindən yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı və sahibkarlığın inkişafı, təhsil və səhiyyə xidmətlərinin təşkili istiqamətində sistemli addımlar atılır. Bütün bunlar qayıdan vətəndaşların məskunlaşmasını təmin etməyə xidmət edir.Xüsusilə vurğulamaq istərdim ki, Böyük Qayıdış prosesi mərhələli və planlı şəkildə həyata keçirilir. Bu, həm təhlükəsizlik amilləri, həm də dayanıqlı yaşayış mühitinin qurulması zərurəti ilə bağlıdır. Qarşıya qoyulan əsas məqsəd insanların layiqli, təhlükəsiz və rifahlı həyat şəraitində yaşamasını təmin etməkdir.Azərbaycan dövləti gücünə, siyasi iradəsinə və iqtisadi potensialına arxalanaraq tarix qarşısında mühüm bir missiyanı uğurla yerinə yetirir. Çox yaxın gələcəkdə azad edilmiş bütün ərazilərimizdə həyat tam bərpa olunacaq".
Müəllif: Günel Fərzəliyeva