"Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin İcraiyyə Şurasının yaradılması ilə bağlı qəbul olunmuş qərar ölkəmiz üçün mühüm siyasi və diplomatik hadisədir".Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, bu qərar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransı çərçivəsində qəbul olunmuş və 50-yə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə təsdiqlənmişdir: "Qoşulmama Hərəkatı bu gün BMT Baş Assambleyasından sonra dünyanın ən böyük beynəlxalq platformalarından biri hesab olunur. Xüsusilə Azərbaycanın bu quruma sədrliyi dövründə təşkilat özünün ən fəal və effektiv mərhələsini yaşamışdır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatına yeni dinamika qazandırmış və onun beynəlxalq nüfuzunu daha da artırmışdır.Bu təşkilatın əsas üstünlüyü ondan ibarətdir ki, o, hər hansı hərbi-siyasi blokdan kənarda dayanaraq müstəqil dövlətlərin milli maraqlarını ifadə edir, neokolonializmə, işğala və müharibələrə qarşı vahid platforma kimi çıxış edir. Azərbaycanın Qarabağ məsələsində əldə etdiyi beynəlxalq dəstəkdə də bu platformanın xüsusi rolu olmuşdur.Bakıda Parlament Şəbəkəsinin İcraiyyə Şurasının yaradılması onu göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatında fəal iştirakını sədrliyi başa çatdıqdan sonra da davam etdirir. Bu dəfə bu fəaliyyət parlament diplomatiyası müstəvisində yeni mərhələyə qədəm qoyur.Azərbaycan parlamenti beynəlxalq platformalarda kifayət qədər fəal təmsil olunur və bu yeni institut ölkəmizə qlobal parlamentarizmə daha ciddi təsir imkanları yaradacaq. Eyni zamanda, bu platforma vasitəsilə sülh, əməkdaşlıq və qarşılıqlı anlayış kimi prinsiplərin təşviqi daha geniş miqyas alacaq.Müasir dövrdə dünyada artan münaqişələr və geosiyasi gərginliklər fonunda belə bir təşəbbüsün məhz Bakıda reallaşdırılması Azərbaycanın qlobal əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir".
Müəllif: Günel Fərzəliyeva