PDF Oxu

Siyasət

  • 677

Ulu öndər Heydər Əliyev milli mənəvi dəyərlərin zirvəsində dayanan dahi şəxsiyətdir

image

Müasir Azərbaycan tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ulu Öndər Heydər Əliyevi görürük. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə və milli dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Ulu Öndər deyirdi: “Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik”.

1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başladı, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyuldu. Milli mənlik şüuru inkişaf etdi, xalqımızın öz tarixini, milli-mənəvi dəyərlərini və soykökünü dərindən öyrənməsi, Azərbaycançılıq məfkurəsinin inkişafı üçün əlverişli şərait yarandı, ziyalılar, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələri milli ideya ətrafında səfərbər edildi. Ümummilli Lider milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başladı.

Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərə Azərbaycançılıq ideyasının tərkib hissələrindən biri kimi yanaşmışdır. “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” , – deyən dahi Öndər milli-mənəvi dəyərlərin inkişafını müstəqil dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qiymətləndirmişdir. Vətəninin, xalqının adını ucaldanlar, mənəvi aləmimizi zənginləşdirən, milli vəhdətimizi təmin edən dəyərlərimiz sayəsində var olmuşuq və bu gün də varıq. Hər bir şəxsiyyətin yetişməsində mühitdən də əvvəl ailənin böyük rolu var. Əbəs yerə ailəni kiçik dövlətə bənzətmirlər. Əsas dəyərlər ailədə formalaşmağa başlayır. Böyüklərə hörmət və ehtiram, xalqın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə rəğbət öyrədilən ailə adlı müqəddəs ocaqda böyüyüb boya-başa çatan, təhsil aldığı məktəblərdə elmi biliklərə yiyələnməklə bərabər, həm də vətəndaşlıq ruhunda formalaşan gənclər ölkəsinin, xalqının adını daha da yüksəklərə qaldırırlar. Vaxt gəlir doğma Vətəni, xalqı da onlarla qürur duyur. Eynilə Vətən müharibəsində olduğu kimi…

Vətən müharibəsində Azərbaycan Ordusu təkcə düşmənlərinə deyil, bütün dünyaya qəhrəmanlığını, yenilməzliyini göstərdi. Otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan ərazilərimizi azad edən, yağı düşmənin işğalına son qoyan Azərbaycan oğulları igidliyin, cəsurluğun, vətənpərvərliyin simvolu oldular. Respublikamızda yaşayan bütün xalqlar, etnik qruplar bir amal, bir məqsəd ətrafında sıx birləşdilər. Milli mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, bu ölkənin vətəndaşı olan hər kəs doğma Vətəni Azərbaycanın ərazi bütövlüyü naminə ayağa qalxdı. Göstərdilər ki, tolerantlıq və multikultural dəyərləri ilə bütün dünyaya nümunə olan Azərbaycanın qələbə və uğur dolu günləri bundan sonra da davam edəcək.

Milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, Azərbaycan dilinin inkişafı, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi və digər məsələlərin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident cənab İlham Əliyev milli-mənəvi dəyərlər əsasında ölkəmizin müasirləşməsini nəzərdə tutaraq bildirmişdir: “Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.

Prezident İlham Əliyevin “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında 2026-cı il 14 yanvar tarixdə imzaladığı Sərəncam ölkəmizin mədəni inkişaf tarixində mühüm mərhələdir. Konsepsiya təkcə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyənləşdirmir, eyni zamanda milli kimliyin qorunması, qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin rəqabətqabiliyyətinin artırılması və gələcək nəsillərə ötürülməsi baxımından fundamental əhəmiyyət daşıyır.

Sənəddə mədəniyyətin cəmiyyətin inkişafında aparıcı rolunun xüsusi vurğulanması, yaradıcı potensialın üzə çıxarılması, innovativ yanaşmaların təşviqi və mədəni təhsilin gücləndirilməsi məsələlərinin ön plana çəkilməsi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası yalnız bu günü deyil, gələcək nəsillərin mədəni düşüncə və estetik zövqünün formalaşmasını da hədəfləyən uzaqgörən bir baxışın ifadəsidir. Təbii ki, bu mühüm strateji sənəd mədəniyyət və incəsənət təhsilinin keyfiyyətinin yüksəldilməsinə, yaradıcı gənclərin yetişdirilməsinə, milli mədəniyyətimizin beynəlxalq miqyasda daha geniş təbliğinə ciddi töhfələr verəcək. Konsepsiyanın ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi ölkəmizin mədəni həyatında yeni bir inkişaf mərhələsinin də başlanğıcı olacaq. Konsepsiyada Azərbaycan dilinin mədəniyyətdəki rolunun gücləndirilməsinə, onun mahiyyətcə inkişafına, həmçinin beynəlxalq səviyyədə təbliğinə və təşviqinə ehtiyac olduğu diqqətə çatdırılır. Bu istiqamətdə görüləcək tədbirlərə Azərbaycan dilinin rolunun artırılması məqsədilə sistemli fəaliyyətin həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı, təbliği və təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər daxildir. “Azərbaycan mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası ölkəmiz qarşısında yeni prioritetlər təyin edərək cəmiyyətin hər üzvünü ölkənin mədəni həyatında fəal iştiraka səsləyir. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, Azərbaycançılıq məfkurəsinin, milli dəyərlər sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir. Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam dövlətin mədəniyyət siyasətində ardıcıllığı, uzaqgörənliyi və milli kimliyə verdiyi yüksək dəyəri bir daha nümayiş etdirir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası Azərbaycan mədəniyyətinin gələcək onilliklərdə davamlı inkişafını təmin edən yol xəritəsi olmaqla yanaşı, həmçinin milli irsimizin qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm strateji sənəd kimi də dəyərləndirilməlidir. Müasir dünyada mədəniyyət təkcə irs və ənənələrin qorunması ilə məhdudlaşmır. O, cəmiyyətlərin daxili dayanıqlılığını və xalqların qlobal rəqabətdə mövqeyini müəyyən edən əsas amillərdən biri kimi diqqət çəkir. Bu baxımdan “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası regional və qlobal çağırışlar fonunda mədəniyyəti milli inkişafın aparıcı sütunlarından biri olaraq təsdiq edir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə qayğı, onların qorunması və təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, eləcə də işğaldan azad edilmiş ərazilərdə mədəniyyət ocaqlarının, tarixi abidələrin bərpası, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. Heydər Əliyev Fondunun elm, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələr milli-mənəvi dəyərlərimizin nəinki ölkəmizdə, bütün dünyada təbliğ olunmasında böyük əhəmiyyət daşıyır. Xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən mühüm töhfələrdən biri olan muğam sənətinin yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi qeyd etməliyik. Ötən illər ərzində fondun dəstəyi ilə xeyli sayda məscid bərpa olunaraq istifadəyə verilmişdir. Fondun milli-mənəvi dəyərlərin dünyada təbliği istiqamətində atdığı addımlar xalqımızın qədim mədəniyyət nümunələrini ermənilərin özününküləşdirməsi kimi mənfur niyyətlərinin qarşısını alır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fondun xətti ilə milli-mənəvi irsin qorunması sahəsində çoxsaylı layihələr həyata keçirilir ki, onları xalqımızın ziyalıları, mədəniyyət və incəsənət xadimləri yüksək qiymətləndirirlər.

Xalqımızın milli-mənəvi dəyərləri tarixi varislik prinsipinə əsaslanaraq inkişaf edir və onlar dünya mədəniyyətinin zənginləşməsində xüsusi yer tutur. Milli-mənəvi dəyərlərin qorunması və təbliği Azərbaycan dövlətinin apardığı siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmizdəki mədəniyyətlərarası və dinlərarası dialoq milli-mənəvi dəyərlərin inkişafında böyük əhəmiyyət daşıyır. Azərbaycan dilinin, ədəbiyyat və incəsənətinin inkişafı, adət-ənənələrin, mütərəqqi dini dəyərlərin ictimai həyatda özünə mühüm yer tutması milli-mənəvi dəyərləri zənginləşdirir. Xalqımızın milli-mənəvi irsinin dünyada təbliği ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynayır. Ölkəmizdə milli dəyərlərin qorunması istiqamətində həyata keçirilən tədbirlər xalqımızın bu dəyərlərə sadiqliyinin, Ulu Öndərin müqəddəs irsinə dərin hörmətin təzahürü, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azadlıq və müstəqillik ideallarına, möhkəm milli bünövrəyə malik zəngin mənəvi irsinin təbliği işinə də böyük töhfədir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Milli dəyərləri olmayan millət həqiqi millət, milli dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz. Bizim milli dəyərlərimiz əsrlərboyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Biz öz milli dəyərlərimizlə fəxr edirik”.

Sevinc Rzayeva

Naxçıvan Dövlət Universitetinin Baş Müəllimi

Digər xəbərlər