PDF Oxu

Siyasət

  • 600

Regionda sabitlik və təhlükəsizliyin təmin olunmasında yeni yanaşmalar

image

Azərbaycanın xarici siyasəti mahiyyət cə çoxistiqamətli və çoxaspektlidir. Rəsmi Bakı bu özəlliyi davamlı olaraq saxlayır, inkişaf etdirir və geosiyasi dinamikadan asılı olaraq ona yeni məzmun çalarları verir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər etmişdir. Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib. Antalya Diplomatiya Forumu artıq qlobal bir brendə çevrilib. Forumu oxşar tədbirlərdən fərqli edən isə onun birləşdirmə, görüşdürmə gücüdür.

Geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiq fonunda cari qlobal mənzərənin proqnozlaşdırılması getdikcə daha çətin xarakter alır. Beşinci Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" riskləri və imkanları müəyyənləşdirməyi, strategiyalar hazırlamağı və əldə olunan razılaşmaları əməli addımlara çevirməyi tələb edir. Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edib. Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiya kecirilib.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinin Azərbaycanla əlaqəli şəkildə aparıldığını vurğuladı. Türk Dövlətləri Təşkilatından danışan Türkiyə Prezidenti qurumun fəaliyyətinin daha da inkişaf etdiyini bildirərək deyib: “Bu ilin son aylarında ölkəmizdə təşkil edəcəyimiz XIII Türk Dünyası Zirvəsində yeni dövrdə sədrliyi Azərbaycandan təhvil alacağıq. İnşallah, bu müddətdə təşkilatımızın beynəlxalq fəaliyyətini və nüfuzunu daha da artıracağıq. Azərbaycanla əlaqələndirilmiş şəkildə qonşumuz Ermənistanla normallaşma prosesində addım-addım irəliləyirik. Bu minvalla Asiya ilə Avropa arasındakı ticarətdə ən etibarlı marşrut olan və Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhliz təşəbbüsünə də güclü dəstəyimiz davam edir”.

Türkiyədə keçirilən V Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirilən fikirlər regionda sabitlik və təhlükəsizliyin təmin olunması üçün yeni yanaşmaların aktuallığını bir daha göstərir. Türkiyənin münaqişələrə münasibətdə diplomatiyanı ön plana çəkməsi, eyni zamanda NATO üzvü, Avropa İttifaqına namizəd ölkə kimi Qərb strukturları ilə əməkdaşlığı davam etdirməsi və paralel olaraq Türk Dövlətləri Təşkilatı, İslam dünyası və digər regional platformalarda fəal iştirakı çoxşaxəli və balanslı xarici siyasətin nümunəsi kimi diqqət çəkir.

REGİON ÜÇÜN YENİ TƏHLÜKƏSİZLİK MODELİ

Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsi paralel olaraq Türkiyə siyasətində də prioritetdir. Bu, həm iqtisadi, həm də siyasi prizmadan Ankaranın maraqlarını əhatə edir. Azərbaycan və Türkiyəni bir-birinə yaxınlaşdıran amillər yalnız qardaşlıq dəyərləri, ortaq tarix və mədəniyyət deyil, eyni zamanda, müasir çağırışlar fonunda uzlaşan milli maraqlardır. Antalya Diplomatiya Forumu çərçivəsində səsləndirilən mesajlar göstərir ki, mövcud geosiyasi reallıqlarda təkcə hərbi güc deyil, diplomatik çeviklik, çoxtərəfli əməkdaşlıq və strateji balans siyasəti daha davamlı nəticələr yaradır. Bu baxımdan, Türkiyənin çoxşaxəli xarici siyasəti ilə Azərbaycanın balanslı və əməkdaşlığa əsaslanan yanaşmasının sintezi region üçün yeni təhlükəsizlik modelinin əsasını qoya bilər.

Orta Şərqdə baş verən müharibələr və qeyri-müəyyənliklər Azərbaycan və Türkiyə üçün yeni imkanlar yaradır. Antalya Diplomatiya Forumu xüsusi əhəmiyyət daşıyır. Forum regionda yeni ittifaqların və əməkdaşlıq mexanizmlərinin formalaşması baxımından mühüm platformadır. Xüsusilə Orta Şərqdə baş verən yenidənqurma proseslərinin regional əməkdaşlıq modelinə çevrilməsi istiqamətində ciddi addımların atılması gözlənilir. Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi yeni təşəbbüslər də bu platformanın əsas nəticələrindən biri kimi ortaya çıxa bilər.

Ermənistan–Azərbaycan münaqişəsinin həlli regional baxımdan xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Azərbaycan siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.

Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir. Türkiyə-Azərbaycan əməkdaşlığı liderlərimiz tərəfindən imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəldi.

SURİYANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TÖHFƏ

Prezident İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirakı iki dost, qardaş, müttəfiq ölkənin dünyaya nümunə olan münasibətlərinin növbəti təqdimatıdır. Hər bir səfər əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin təzahürüdür. İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə də görüşü oldu. Görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişafında mövcud imkanlar geniş müzakirə edilib. Səfər çərçivəsində aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sira dövlət başçıları ilə görüşüb. Dövlətimizin başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Söhbət zamanı Prezident İlham Əliyevlə Əhməd Əl Şaraanın ötən il Azərbaycana səfəri zamanı, həmçinin 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində görüşləri məmnunluqla xatırlanıb.

Suriyada baş vermiş dəyişikliklərdən sonra ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı konkret addımların atıldığı vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, bu xüsusda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçirilməsinin əhəmiyyəti və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verməklə ümumilikdə bu ölkənin inkişafında önəmi qeyd olunub.

Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə dövlətimizin başçısına bir daha minnətdarlıq edib. Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların roluna toxunulub.

Söhbət zamanı bölgədə yaranmış gərginlikdən narahatlıq ifadə olunub, münaqişənin diplomatik yolla həll edilməsinin vacibliyi vurğulanıb.

AZƏRBAYCANIN NÜFUZ VƏ MÖVQEYİ

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub. Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu. Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edilib.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulanıb, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Antalyada Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. Söhbət zamanı dövlətimizin başçısı ilə Maya Sandunun Azərbaycanda və Moldovada, həmçinin beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlər məmnunluqla xatırlanıb. Azərbaycan-Moldova münasibətlərinin perspektivləri müzakirə olundu, əlaqələrimizin inkişaf etdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından roluna toxunulub. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı. Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycan tərəfindən nümayiş olunan dəstək bir daha yüksək qiymətləndirilib. Maya Sandu vurğulayıb ki, Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə bu ölkənin inkişafına öz töhfəsini verir. Görüşdə dövlət başçıları qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nəticə olaraq qeyd edək ki, Antalya Diplomatik Forumu müasir beynəlxalq münasibətlər sistemində qlobal dialoqun bərpası, regional əməkdaşlığın GENİŞLƏNMƏSİ baxımından strateji əhəmiyyət daşıyır. Dünya yeni güc mərkəzlərinin formalaşdığı, qeyri-müəyyənliklərin artdığı və diplomatiyanın rolunun daha da yüksəldiyi bir mərhələyə daxil olub. Azərbaycan bu proseslərdə fəal iştirak edərək öz milli maraqlarını uğurla təmin edən aktorlardan biri kimi çıxış edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər