20 aprel Eşqinin dünyaya göz açdığı gündür
Lənkəran rayonunun Darquba kəndində dünyaya göz açmış Eşqin Hamlet oğlu Cəfərzadənin ömür yolu 23 il oldu. Qaldı ki, şərəfli, örnək sayılası bir həyat yaşadı Eşqin. O, torpaq uğrunda canından keçdi, ürəkdən bağlandığı Vətənin yaşaması naminə həyatını qurban verdi. Adı tarixə qızıl hərflərlə yazılan qəhrəman oğluna xalq qəlbində əbədi heykəl ucaltdı. Bundan sonra da illər, əsrlər keçəcək şəhidlik zirvəsindən boylanan Eşqinin az yaşında etdikləri ilahi bir məhəbbətə dönüb milyonlara Vətən sevgisindən nur paylayar.
Fəqət, özündən sonra bizlərə gözəl dünya naminə saf mənəvi dəyərlər qoyan Eşqin Cəfərzadə özünü dərk edən gündən yalnız xeyirxah əməllərə can atır. Yaşadığı el-obada ona hörmət gətirən də xalqına sonsuz məhəbbəti, düzlüyü, mərdliyi olur. O, 2015-ci ildə həqiqi hərbi xidmətə yola düşəndə qoyduğu yaşına uyuşmayan xoş əməllərin sayı bilinmirdi.
Eşqin Daşkəsəndə əsgəri borcunu yerinə yetirməli olur. Çətin anda Vətən torpağına canı bahasına dayaq durmağı özünə şərəf bilən igid əsgər doğma Azərbaycanın sərhədlərini göz-bəbəyi kimi qoruyur. Cəbhə xəttində dəfələrlə məqam düşdükcə öz bədnam hərəkətlərini həyata keçirmək istəyində olan azğınlaşmış nankor erməni dığaları ilə üz-üzə gəlir.` Vətəninin qeyrətini hər şeydən üstün tutan igid əsgər hər dəfə onların bu xəbis niyyətlərini ürəyində qoyur. Əsgər yoldaşlarına da deyir ki, Vətən qorumaq bizim müqəddəs borcumuzdur. Eşqinin ermənilərə olan sonsuz nifrəti bir daha xidmət etdiyi hərbi hissədə onu sevdirir. Həm də Vətəninə sədaqətini, cəsurluğunu, çevikliyini, etibarlığını nəzərə alıb onu manqa komandiri seçirlər.
Vətən sevdalısı Aprel döyüşlərində sözün həqiqi mənasında tarix yazır. Belə ki, Lələ-təpə, Talış kəndində düşmənin çoxsaylı canlı qüvvəsini, saysız-hesabsız texnikasını məhv etməklə xüsusi rəşadət göstərir. Yenə də dığalara qarşı olan nifrəti azalmır. Və işğal edilən Qarabağın hər qarışının, öldürülən hər bir Azərbaycanlı vətəndaşının qisasını düşməndən alan günü gözləyir...
Həqiqi hərbi xidmətdən sonra Eşqin doğma kəndində gözəl həyat naminə çalışır. Gördüyü faydalı, elinə gərəkli işləri ilə Vətənini, xalqını, dövlətini sevən əsl vətənpərvər gənc kimi tanınır. İkinci Qarabağ müharibəsi başlanan günü, canından artıq sevdiyi Vətənə cəsur oğullar gərək olduğu məqamda silaha sarılıb düşmənin üstünə gedir. Hadrutda, Suqovuşanda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda ağır müharibə meydanların qalibi olur. Erməni quldurlardan arzuladığı intiqam və qisasını almaqla rahatlıq tapır. Azərbaycanın üçrəngli ay-ulduzlu qələbə bayrağı azad olunan Vətən torpaqlarında dalğalananda özünü dünyanın ən xoşbəxt insanı sayır Eşqin. 21 oktyabrda Qubadlıda şəhid olan günü də düşmənlə son nəfəsə qədər mübarizə aparır. Həyatını Vətəninə verməklə əbədiyyət dünyasında şərəfli bir ömür qazanır...
Bəli, Vətən torpağının azadlığı uğrunda özünü fəda edib şanlı tarix yazan bütün şəhidlər kimi Eşqin də xalqının ən əziz övladı olaraq adı nəğməli dillərdən düşmür. Dövlət də öz igid oğlunu unutmur. Ölümündən sonra ona verilən “Vətən uğrunda”, eləcə Füzuli, Cəbrayıl, Qubadlı döyüşlərinə görə medallar bunun canlı nümunəsidir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü