Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş məktəblilər arasında sərbəst güləş üzrə turnirə yekun vurulub.
Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin güləş zalında təşkil olunan, dörd gün davam edən, idmançıların iki yaş qrupunda mübarizə apardığı turnirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Sonra məktəbin direktoru Əlifağa Yaqubov çıxış edib dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki xidmətlərindən danışıb, həmçinin onun idmana və gənclərin sağlam inkişafına göstərdiyi diqqət və qayğını xüsusi olaraq vurğulayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən yüksək yerləri tutan güləşçilər UGİŞM-nin müvafiq dərəcəli diplomlarına layiq görülüblər.
Onu da bildirək ki, turnirin əsas məqsədi Ulu Öndər Heydər Əliyev irsinin təbliği, uşaq və yeniyetmələr arasında idmanın kütləviliyini artırmaq, eləcə perspektivli güləşçiləri aşkar etməkdən ibarət olub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü