"Hesab edirəm ki, Azərbaycan parlamenti beynəlxalq parlamentlərarası əməkdaşlıq istiqamətində fəaliyyətini daha da genişləndirməlidir".Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Siyasi şərhçi sözlərinə belə davam edib: "Bu, müasir dövrdə olduqca vacib amillərdən biridir. Parlamentlərarası əlaqələr ölkənin xarici siyasətinin mühüm tamamlayıcı istiqamətlərindən hesab olunur.Bu baxımdan Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. O, beynəlxalq platformalarda kifayət qədər aktivdir və parlament diplomatiyasının inkişafına töhfə verir.Eyni zamanda parlament üzvləri, deputatlar da bu prosesdə daha fəal olmalıdırlar. Müxtəlif ölkələrin parlamentləri ilə yaradılmış dostluq qrupları çərçivəsində işlərin genişləndirilməsi, ikitərəfli münasibətlərin gücləndirilməsi və şəxsi əlaqələrin qurulması böyük əhəmiyyət daşıyır. Deputatların fərdi səviyyədə qurduğu əlaqələr bir çox hallarda rəsmi münasibətlərə də müsbət təsir göstərə bilir.Məlumdur ki, bəzi Avropa ölkələrinin parlamentlərində zaman-zaman Azərbaycana qarşı qərəzli mövqelər və qətnamələr qəbul olunur. Bu kimi halların qarşısının alınmasında parlament diplomatiyasının rolu danılmazdır. Əgər əlaqələr daha sistemli və davamlı şəkildə qurularsa, belə təşəbbüslərə qarşı daha effektiv mövqe ortaya qoymaq mümkündür.Bu səbəbdən hesab edirəm ki, parlament üzvləri beynəlxalq fəaliyyətlərini daha da aktivləşdirməli, həm rəsmi, həm də qeyri-rəsmi müstəvidə əlaqələrini genişləndirməlidirlər. Bu, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə əlavə töhfə verə bilər".
Müəllif: Günel Fərzəliyeva