Dünyanı cənginə alan müharibələr, münaqişələr fonunda ən dəhşətli qarşıdurmanın Rusiya-Ukrayna müharibəsi hesab olunur. Növbəti qanlı savaş isə Yaxın Şərqdə ABŞ, İsrail, fars-molla rejimi arasında baş verən müharibədir. Hərbi ekspertlər Yaxın Şərqdə baş verən müharibənin miqyasının genişlənə biləcəyi ehtimal edirlər. Səbəbi də onunla əlaqələndirilir ki, Tehran rejimi ABŞ və İsrail ilə qarşıdurmada məğlubiyyətə uğradığını anladığından region dövlətlərini hədəfə alır. Bu isə müharibənin sərhədləri aşa biləcəyindən xəbər verir. Birinci atəşkəs dövrünə qədər Tehranın hədəfə aldığı dövlətlər Türkiyə, Bəhreyn, İordaniya, İraq, Azərbaycan, Qətər, Kipr, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya olub. Bununla yanaşı, dünyada enerji böhranı yaratmaq üçün Hörmüz boğazında təxribatlar həyata keçirir. Nəticə isə sivil dövlətlər və xalqlar üçün heç də arzuedilən deyil. Çünki tərəqqipərvər xalqlar sakit, təhlükəsiz yaşam tərzinə üstünlük verir və bunun uğrunda çalışırlar. Tehran tərəfi isə bu amilin qarşısını almağa və regionda gərginlik yaratmaqla ABŞ və İsrailə təsir etməyə çalışır. Ərəb ölkələri, eləcə də regionda sabitlik yaratmağa çalışan Pakistan, Türkiyə kimi müsəlman dövlətləri atəşkəsə nail olmaq üçün tərəflərlə intensiv danışıqlar aparırlar. Artıq ardıcıl şəkildə aparılan danışıqlar müsbət nəticəsini verib və ABŞ ilə Tehran arasında iki həftəlik atəşkəs əldə olunub. Atəşkəs vaxtı isə aprelin 22 -də başa çatmalı idi. Lakin bu dəfə də Türkiyə və Pakistanın intensiv fəaliyyəti nəticəsində yenidən qanlı müharibənin baş verməsinin qarşısı alındı. ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında bildirib ki, ABŞ ilə Tehran arasında atəşkəsin uzadılmasına qərar verilib. O, ABŞ və İran arasında iki həftəlik atəşkəsin Pakistanın tələbi ilə uzadıldığını açıqlayıb: “Bu qərar atəşkəsin bitməsindən bir neçə saat əvvəl qəbul edilib və Pakistan Ordu Qərargah rəisi Asim Munir və ölkənin Baş naziri Şahbaz Şərifin tələbi ilə verilib”.
D.Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində atəşkəsin Tehran tərəfinin rəsmi təklifinə və danışıqların başa çatmasına qədər davam edəcəyini yazıb. O, həmçinin ABŞ ordusuna hazır qalmağı və blokadanı davam etdirməyi tapşırdığını vurğulayıb. Ağ Ev rəhbərinin sözlərinə görə, bu qərar Tehran tərəfinə vahid plan təqdim etmək və danışıqları davam etdirmək üçün fürsət yaratmaq məqsədilə verilib.
Müharibədən daha çox ziyanı region dövlətləri çəkir
Gözlənilən ondan ibarətdir ki, Tehran növbəti fürsəti dəyərləndirib, irəli sürülən şərtləri və tələbləri qəbul etməsə vəziyyəti son dərəcə ağır olacaq. Ən azı atəşkəs rejiminin tətbiq edilməsindən bir gün əvvəl Trampın “bir gecədə İran tamamilə məhv ediləcək” dediyi fikir reallaşa bilər. Düzdür, Tehran rejimi ağır durumda olsa belə, region dövlətlərinə zərər vurmaq fəaliyyətini davam etdirəcək. Bu isə müharibənin miqyasının regional çərçivəni aşaraq dünya müharibəsinə çevrilməsinə gətirib çıxara bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar sessiyasında çıxışı zamanı xəbərdarlıq edib ki, Yaxın Şərqdə müharibə genişlənə bilər və bu da regionda daha ciddi problem yaradacaq. Çinin xarici işlər nazirliyi də xəbərdarlıq edib ki, Hörmüz boğazı ətrafında ABŞ-ın yaratdığı blokada çərçivəsində Çin gəmiləri saxlanılarsa, bu, müharibə kimi qiymətləndirləcək. Əslində, bu gedişat Tehran rejiminin maraqlarına cavab verir. Ona görə də, irəli sürülən şərtləri qəbul etməməklə vəziyyəti daha da gərginləşdirməyə çalışır. Bu isə molla rejiminin xalqın və dövlətin maraqlarını düşünmədiyini göstərir. Nəzərə almaq lazımdır ki, ABŞ və İsrailin zərbələri nəticəsində əksər şəhərlərdə hərbi bazalar tamamilə dağıdılıb. Hücum nəticəsində İranın ali dini lideri ayətullah Əli Xamenei öldürülüb. Ümumilikdə 145 hərbi və siyasi rəhbər sıradan çıxarılıb. Zərbələr nəticəsində 155-dən çox gəminin, 190-dan çox ballistik raket buraxılış qurğusunun məhv edildiyi bildirilir. Müharibə nəticəsində İranda 3300-dən çox insanın öldüyü və 26000-dən çoxunun yaralandığı barədə məlumatlar var. Bundan əlavə, İranın hərbi və iqtisadi infrastrukturuna külli miqdarda ziyan dəyib. ABŞ prezidenti D. Tramp aparılan əməliyyatı böyük uğur kimi qiymətləndirərək zərbələrin İranın hərbi imkanlarına həlledici zərbə vurduğunu bildirib.
ABŞ ordusu da ciddi itkilərə məruz qalır
Bu məqamda onu vurğulamaq lazımdır ki, müharibənin gedişində ABŞ tərəfi də böyük zərbələrə məruz qalıb. İddialara görə, ABŞ 30 milyarda yaxın texniki itkilərlə üzləşib. ABŞ-a məxsus F-35 və F-16 qırıcı təyyarələrinin Tehran səmasında vurulması barədə məlumatlar yayılıb. Əgər müharibənin davam edəcəyi təqdirdə Tehranın siyasi və hərbi rəhbərliyi, ümumilikdə rejim sıradan çıxacaqsa ABŞ və İsraildə böyük zərbələrə, itkilərə məruz qala bilər. Əsasən ABŞ-ın Yaxın Şərqdəki ordusu silah- sursat çatışmazlığı riski ilə üzləşəcək. Bu barədə CNN-in analitiki Pentaqonla əlaqələrdən verdiyi məlumatda qeyd olunur. CNN şərhçisi qeyd edir ki, “fevralın 28-də başlayan müharibənin müəyyən mərhələsində ABŞ-ın arsenalları xeyli tükənmişdi. Bunlar Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən yenidən təhlil edilir. Hesabatda deyilir ki, “Yüksək dəqiqlikli zərbə raketlərinin ehtiyatının ən azı 45%-ni boşa sərf edilib. Bu ehtiyatın ehtiyatlarını yeniləmək üçün ABŞ-a beşə qədər daş lazım ola bilər”.
Məqalədə vurğulanır ki, ABŞ-ın Ballistik hədəfləri ələ keçirmək üçün istifadə edilən THAAD raketlərinin 50%-dən azı, eləcə də Patriot PPO raketlərinin ən azı yarısı məhv edilib: “Sənədlərdə həmçinin Tomahawk raket ehtiyatlarının təxminən 30%-nin itirildiyi göstərilir. Uzaq mənzilli yer-yer raketlərinin ehtiyatının 20%-dən çoxunun, eləcə də SM-3 və SM-6 raketlərinin təxminən 20%-nin azalması qeydə alınıb”.
Analitiklər güman edirlər ki, yaxın gələcəkdə Amerika ordusu qısa müddətdə İrana qarşı hərbi əməliyyatları dəstəkləmək üçün bomba və raket ehtiyatlarını saxlayacaq. Bu günlərdə mövcud resurslar, onların hesablamalarına görə, bu bölgəyə daha çox diqqət yetirmək üçün hazırlanmalıdır. ABŞ Dəniz Piyadaları Polkovniki Mark Kansian bildirib ki, ABŞ arsenallarında itirilən çox vacib sursatların miqdarı Çin kimi böyük bir düşmənə qarşı durmaq üçün kifayət deyil. Sursata yüksək xərclər Sakit Okeanın qərb hissəsində artan dağılmalara səbəb olub.
Pentaqon ali rəhbərliyi isə mövcud ağır vəziyyəti gizlətməyə çalışır. Bildirilir ki, əslində vəziyyət nəzarət altındadır. Şon Parnell bildirib ki, ABŞ hərbi qüvvələri getdikcə daha çox prezidentin seçdiyi saatda və yerdə bütün qaydaları təsdiqləməyə ehtiyac duya bilər: “Prezident Donald Tramp vəzifəyə başlayandan bəri, biz Amerika zirehli qüvvələrinə xalqımızı və maraqlarımızı qorumaq üçün geniş imkanlar arsenalı təqdim edən sayca uğurlu əməliyyatlar aparmışıq”.
Tərəflər arasında atəşkəsin uzadılması haqqında razılaşmanın əldə olunması Yaxın Şərqdə sülh yarada bilər. Ancaq Tehran rejiminin şərtləri qəbul etməkdən yayınması narahatlıq yaradır.
İ.ƏLİYEV