PDF Oxu

Siyasət

  • 692

Azərbaycan – Latviya: əməkdaşlıqda yeni mərhələ

image

Prezident İLHAM ƏLİYEV: “Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”

“Ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Eyni zamanda, düşünürəm ki, onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında bildirib. Məlmdur ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmiz ilə dünyanın əksər dövlətləri arasında ikitərəfli münasibətlər formalaşmağa başladı. Qarşılıqlı etimada və inama əsaslanan əlaqələr bu gün həm siyasi, həm də iqtisadi formatda uğurla davam edir. Bu münasibətlər Baltikyanı ölkələr ilə də etimad müstəvisində inkişaf etdirilir və dövlət başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənir. Hər iki respublika SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin yanvar ayının 11-də qurulmuşdur.

“LATVİYA PREZİDENTİNİN BU SƏFƏRİ İKİTƏRƏFLİ İMKANLAR ÜÇÜN YAXŞI FÜRSƏTLƏR YARADACAQ”

2005-ci ildə Azərbaycanın Latviyada səfirliyi, bundan bir il sonra isə Latviyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı etimada, anlaşmaya, hörmətə əsaslanan münasibətlər qurulub. Dövlət və hökumət başçıları, parlament sədrləri və hökumət üzvləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib. Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. İki ölkə arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir. Latviya Azərbaycanı Avropanın enerji resursları ilə təchizatında Qara dəniz-Xəzər regionunun əsas ölkəsi hesab edir. “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb. Dövlət başçısı bildirib ki, indi biz ixracatımızın şaxələndirilməsi üzərində fəal işləyirik, baxmayaraq ki, bunu etmək çətin olacaq: “Çünki Azərbaycanda təbii qaz hasilatı artır və artacaq”. Azərbaycanın hasil etdiyi qazın böyük hissəsinin ixrac olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, qeyri-neft-qaz sektoruna aid sənayenin və iqtisadiyyatın artan hasilat profili beynəlxalq bazarlarda, ilk növbədə, Avropa bazarlarında artan tələbatla uzlaşmalıdır: “Biz Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər gördük”.

“BİZ ƏN BÖYÜK HASİLATÇI VƏ İXRACATÇI DEYİLİK, BİZDƏN DAHA BÖYÜK OYUNÇULAR VAR”

“Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, son dörd-beş il ərzində sürətli artımın şahidi olarıq. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Artıq bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Ölkələrin ümumi sayı 16-dır və bu göstərici üzrə Azərbaycan dünyada birinci yerdədir: “Biz ən böyük hasilatçı və ixracatçı deyilik, bizdən daha böyük oyunçular var. Lakin boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə biz birinciyik”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Prezident İlham Əliyev çıxışında ikitərəfli gündəliyin müxtəlif istiqamətlərinə toxunaraq, beynəlxalq əhəmiyyətli məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirə edildiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib.

Dövlətimizin başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.

“O vaxtdan (Ağ Evdə Birgə Bəyannamənin imzalanması - red.) bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata bəyanatında səsləndirib.

Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.

Prezident İlham Əliyev çıxışında ikitərəfli gündəliyin müxtəlif istiqamətlərinə toxunaraq, beynəlxalq əhəmiyyətli məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirə edildiyini vurğulayıb . Bu gün əməkdaşlıq üçün geniş potensial var və doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin hüquqi əsasını formalaşdırıb.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər