Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 30 (80 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən böyük siyasi partiya olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi partiyadır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. Şübhəsiz ki, nüfuzlu güc mərkəzinə çevrilməsinin şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır.
Çıxış edən 80 nömrəli tam orta məktəbin direktoru Təranə Müzəffərova bildirib ki, siyasi sabitliyin təmin edilməsində və Azərbaycanın müstəqil dövlət quruculuğunda əvəzsiz rol oynadı. YAP Azərbaycanın demokratik siyasi mədəniyyətinə mühüm töhfələr verdi. Hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırmaq istiqamətində partiyanın fəaliyyəti yeni siyasi ənənələrin yaranmasına səbəb oldu.
Daha sonra ərazi ilk partiya təşkilatına yeni sədr və sədr müavininin seçilməsi məsələsinə baxılıb. Təşkilatın sədrliyinə Təranə Müzəffərovanın, sədr müavinliyinə isə Həsən Əliyevin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində yekdilliklə ərazi partiya təşkilatının sədri Təranə Müzəffərova Əlihəsən qızı, sədr müavini isə Həsən Əliyev Məşdi oğlu seçiliblər.
Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.