Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Tariximiz qürurumuzdur” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi Murad Vasıf oğlu Abbasovun əziz xatirəsinə həsr olunmuş mövlud mərasimində Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndələri, N. Həsənov adına Şıxakəran kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Şəhidin foto və şəxsi əşyalarından ibarət sərgi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni oxundu, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbiri açıb şəhid Murad Abbasovun Vətən uğrunda göstərdiyi şücaətdən, onun qəhrəmanlıq yolundan danışdı, belə igidlərin xatirəsinin daim uca tutulduğunu vurğuladı.
Çıxışını bitirən natiq Mərkəzin rəsm kursunda şəhidin yağlı boya ilə çəkilmiş portretini şəhidin anasına təqdim etdi.
Çıxış edən natiqlər bildirdilər ki, bu qəhrəmanlıq salnaməsi Azərbaycan xalqının tarixində əbədi yaşayacaq, gənclər vətənpərvərlik ruhunda yetişməyə davam edəcəkdir.
Mərasim çərçivəsində məktəblilər vətənpərvərlik mövzusunda şerlər söylədilər və səhnəciklər təqdim olundu, tanınmış ifaçılar tərəfindən şəhidlərə həsr olunmuş mahnılar bir-birini əvəz etdi.
Şəhidin valideynləri də öz növbəsində tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü