PDF Oxu

Siyasət

  • 780

Siyasi dialoqdan iqtisadi əməkdaşlığa yeni imkanlar - ŞƏRH

image

2026-cı il aprelin 22-də ölkə Prezidenti İlham Əliyev ilə Latviyanın dövlət başçısı Edqars Rinkeviçs arasında Bakıda keçirilən təkbətək və geniştərkibli görüşlər, hər iki ölkə rəhbərlərinin mətbuata verdikləri birgə bəyanat Azərbaycan-Latviya münasibətlərinin strateji istiqamətlərini daha aydın şəkildə ortaya qoydu. Bu səfər eyni zamanda, Avropa ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayan iki ölkənin qarşılıqlı maraqlarının üst-üstə düşdüyünü nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Səfər çərçivəsində Latviyanın dövlət başçısı ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərdə dövlətimizin başçısı iki ölkə arasında çox yaxşı siyasi əlaqələrin mövcud olduğunu deyib: "Azərbaycan ilə Latviya arasında münasibətlər uzun illərdir dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır”. İki ölkə arasında siyasi dialoqun intensiv xarakter aldığını, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdiyini qeyd edən Prezident İlham Əliyev bu kontekstdə xüsusilə, Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərini ön plana çəkdi. Hər iki ölkə rəhbərlərinin görüşlərində Azərbaycan üçün Latviya ilə münasibətlər Avropa institutları ilə daha sıx inteqrasiyanın mühüm elementlərindən biri kimi təqdim olundu.

Azərbaycanın regionda artan geosiyasi rolunu xüsusi vurğulayan Edqars Rinkeviçs çıxışında bildirdi ki, Latviya Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunmasını dəstəkləyir və Azərbaycan bu prosesdə əsas aktorlardan biridir. Bu yanaşma da iki ölkə arasında siyasi etimadın yüksək səviyyədə olduğunu göstərir.

Birgə bəyanatın mühüm hissəsi iqtisadi əməkdaşlıq məsələlərinə həsr olundu. Prezident İlham Əliyev qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi hələlik arzu olunan səviyyədə olmasa da, bunun artırılması üçün böyük potensial mövcuddur. Xüsusilə nəqliyyat, logistika, energetika və informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlər kimi müəyyən edildi.

Latviya şirkətlərinin Azərbaycanın iqtisadi layihələrində iştirak etməkdə maraqlı olduqlarını vurğulayan Latviya Prezidenti qeyd etdi ki, Azərbaycanın əlverişli investisiya mühiti və regional layihələrdəki fəal rolu Latviya biznes dairələri üçün cəlbedici imkanlar yaradır. Bu, xüsusilə logistika və liman infrastrukturu sahəsində əməkdaşlıq perspektivlərini ön plana çıxarır.

Görüşdə xüsusi diqqət yetirilən məsələlərdən biri də nəqliyyat dəhlizlərinin inkişafı oldu. Azərbaycan Prezidentinin çıxışında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulandı. Bu dəhliz Avropa ilə Asiya arasında ən qısa və effektiv ticarət marşrutlarından biri kimi təqdim edilir. Latviya isə Baltik regionunun mühüm logistika mərkəzlərindən biri kimi bu marşrutda öz rolunu artırmaq niyyətindədir.

Eyni zamanda, hər iki ölkə nəqliyyat infrastrukturunun uyğunlaşdırılması, multimodal daşımaların genişləndirilməsi və ticarət axınlarının optimallaşdırılması istiqamətində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldilər. Bu əməkdaşlıq yalnız iki ölkə üçün deyil, daha geniş regional iqtisadi inteqrasiya üçün də əhəmiyyətlidir.

Enerji məsələləri də bəyanatda mühüm yer tutdu. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi çıxış edir və bu istiqamətdə Latviya ilə əməkdaşlıq perspektivləri müzakirə olundu. Xüsusilə yaşıl enerji və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində təcrübə mübadiləsinin vacibliyi qeyd edildi. Latviya Prezidenti Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında oynadığı rolu yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü bildirdi.

Bəyanatda yalnız siyasi və iqtisadi məsələlər deyil, həm də humanitar əməkdaşlıq mövzuları öz əksini tapdı. Təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi iki ölkə xalqları arasında daha sıx münasibətlərin qurulmasına xidmət edir. Tələbə mübadiləsi proqramları, birgə mədəni tədbirlər və akademik əməkdaşlıq kimi təşəbbüslər xüsusi qeyd olundu.

Hər iki ölkə prezidentləri regional təhlükəsizlik məsələlərinə də toxundular. Azərbaycanın Cənubi Qafqazda sülh təşəbbüsləri və post-münaqişə dövründə həyata keçirdiyi bərpa işləri Latviya tərəfindən müsbət qiymətləndirildi. Eyni zamanda, tərəflər beynəlxalq hüququn prinsiplərinə hörmətin vacibliyini vurğuladılar. Bundan əlavə, hər iki ölkə rəhbərləri beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdi.

Latviyanın dövlət başçısı Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfərinin nəticələri göstərir ki, Azərbaycan və Latviya arasında münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi və strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Prezidentlərin mətbuata verdiyi bəyanat bu əməkdaşlığın gələcək perspektivlərinə aydın istiqamət verir və tərəflərin qarşılıqlı maraqlara əsaslanan münasibətləri daha da dərinləşdirmək niyyətini ortaya qoyur.

Qarşılıqlı hörmət, etimad və tərəfdaşlığa əsaslanan Azərbaycan və Latviya əlaqələri, Latviya Prezidentinin Bakıya səfəri iki ölkə arasında iqtisadi, texnoloji və humanitar sahələrdə yeni prioritetlərin müəyyənləşməsi baxımından tarixi əhəmiyyət kəsb edir. Latviyanın Azərbaycanın regional sülh və əməkdaşlıq təşəbbüslərinə verdiyi dəstək rəsmi Riqanın regionumuzda sabitliyin tərəfdarı olduğunu bir daha nümayiş etdirdi.

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Digər xəbərlər