Azərbaycan və Latviya prezidentlərinin görüşü, eləcə də iki ölkə arasında əməkdaşlığın inkişafı xüsusi əhəmiyyət kəsb edir. Latviya ərazi və əhali baxımından kiçik ölkə olsa da, geostrateji mövqeyinə görə Avropanın şimal-şərqində mühüm rol oynayır. Baltik dənizi sahilində yerləşməsi, həmçinin Avropa nəqliyyat və logistika şəbəkələrinə çıxışı bu ölkənin əhəmiyyətini artırır".Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, Azərbaycan ilə Latviya arasında münasibətlər müstəqillik dövründən etibarən praqmatik və konstruktiv xarakter daşıyıb: "İkitərəfli əlaqələr siyasi dialoq, iqtisadi əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək üzərində qurulub.Latviyanın inkişaf etmiş sahələrindən biri də yüksək texnologiyalar, xüsusilə informasiya texnologiyaları və süni intellekt istiqamətidir. Bu baxımdan Azərbaycan və Latviya arasında innovasiya, rəqəmsallaşma və texnologiya transferi sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.Digər tərəfdən, Azərbaycan Latviyaya Cənubi Qafqaz və Xəzər regionuna çıxış baxımından mühüm tərəfdaşdır. Xüsusilə Orta Dəhliz üzərində yerləşməsi Azərbaycanın logistika və tranzit imkanlarını artırır və bu da Latviyanın Avropa-Asiya bağlantılarında rolunu genişləndirə bilər.Latviyanın Avropa İttifaqı üzvü olması da əməkdaşlığa əlavə dəyər qatır. Bu, Azərbaycan üçün Avropa strukturları ilə əlaqələrin genişləndirilməsi baxımından önəmli platformadır. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında qarşılıqlı fəaliyyət imkanları mövcuddur.Təhlükəsizlik aspektindən yanaşdıqda, Latviyanın Rusiya və Belarus ilə həmsərhəd olması onu həssas geosiyasi bölgədə yerləşdirir. Bu baxımdan Azərbaycan kimi regional təhlükəsizlik təcrübəsinə malik ölkə ilə əməkdaşlıq Latviyanın da maraqlarına cavab verir.İqtisadi sahədə isə enerji, sənaye, nəqliyyat, yüksək texnologiyalar və innovativ məhsulların mübadiləsi əməkdaşlığın əsas istiqamətləri kimi çıxış edə bilər. Keçmiş sənaye ənənələri və yeni texnoloji potensial bu münasibətlərin inkişafı üçün əlverişli zəmin yaradır.Ümumilikdə, prezidentlərin son görüşü Azərbaycan və Latviya münasibətlərinin yeni mərhələyə keçidi üçün mühüm addım hesab oluna bilər və bu əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda genişlənməsi gözlənilir".
Müəllif: Günel Fərzəliyeva