PDF Oxu

Siyasət

  • 555

Azərbaycan–Ukrayna: strateji tərəfdaşlıq

image

Prezident İlham Əliyev: “Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”

”2026-cı il aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar hər iki ölkə arasında strateji tərəfdaşlığın ardıcıl və sistemli şəkildə inkişaf etdiyinin təzahürüdür. Təkbətək, eləcə də geniş tərkibdə keçirilən danışıqlar münasibətlərin yalnız siyasi səviyyədə deyil, həm də çoxşaxəli əməkdaşlıq platformasına çevrildiyini təsdiqləyir. Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılıb. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb. Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə təsadüf edir. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq müəyyən səviyyədə inkişaf etmişdi. Son illərdə dövlət başcılarinin qarşılıqlı səfərlər əlaqələri daha da möhkəmlndirib. “2022-ci ilin yanvarında Kiyevə səfərimi xatırlayıram. Sizinlə (Volodimir Zelenski – red.) apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır”. Bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.

“APARDIĞIMIZ FİKİR MÜBADİLƏSİ VƏ ONDAN SONRAKI TƏMASLAR UKRAYNA-AZƏRBAYCAN ƏLAQƏLƏRİNİ DAHA YÜKSƏK SƏVİYYƏYƏ QALDIRMIŞDIR”

“Bizim Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür”, - deyən Azərbaycan Prezidenti bildirib ki, son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir: “Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır”.

Vurğuladığımız kimi, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub. Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib. Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.

VOLODİMİR ZELENSKİ: “BEŞ YÜZDƏN ARTIQ UKRAYNALI UŞAQ BURADADIR VƏ BU DƏSTƏYƏ GÖRƏ SİZƏ MİNNƏTDARIQ”

Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan danışıqların nəticələri göstərir ki, tərəflər mövcud əlaqələri sadəcə qorumaq deyil, onları keyfiyyətcə yeni mərhələyə çıxarmaq niyyətindədir. Azərbaycanın xarici siyasət strategiyasında dövlətimizin gücünü təcəssüm etdirən mühüm istiqamətlərdən biri humanitar diplomatiyadır. Bu, ölkəmizin humanist mövqeyini açıq şəkildə nümayiş etdirir. Belə ki, Azərbaycan hər zaman yardıma ehtiyac duyan, çətin duruma düşən ölkələrin yanında olub.

Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. “Enerji sahəsində təchizata gəldikdə, belə çox ağır bir dövrdə biz 11 yardım paketi almışıq. Azərbaycana bu yardıma görə öz təşəkkürümüzü bildiririk”. Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz. Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə Sizə minnətdarıq”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu diqqətə çəkilib.

“BU GÜN BİZ BİR ÇOX İSTİQAMƏTLƏR ÜZRƏ UĞURLA ƏMƏKDAŞLIQ EDİRİK”

Qlobal təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə Azərbaycan və Ukrayna arasında əməkdaşlıq həm regional, həm də beynəlxalq səviyyədə sabitliyə xidmət edir. Xüsusilə enerji təhlükəsizliyi, müdafiə və diplomatik vasitəçilik kimi sahələrdə qarşılıqlı fəaliyyət gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Dövlətlərarası imzalanan sənədlər əlaqələri daha güclzndirir. Belə ki, yeni 6 sənəd imzalanıb. Tərəfdaşlıq bundan sonra da davam etdirilərək birgə istehsala başlayanilacaq.

Son illər dövlət başçıları arasında intensiv təmasların artması əlaqələrin dinamik inkişafından xəbər verir. Dörd il ərzində yeddi dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində aparılan dialoqlar siyasi əlaqələrin institusional və davamlı xarakter aldığını göstərir. “Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi”, - deyə Prezident bildirib.

Müzakirə olunan məsələlər arasında siyasi dialoqdan başqa, energetika sahəsində əməkdaşlıq da diqqətə çəkilib. Dövlət başçısının bildirdiyi kimi, “Burada həm əldə edilmiş nailiyyətlər var, - SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir, - eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var”.

Beləliklə, Qəbələdə keçirilən bu tarixi görüş Azərbaycan və Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlara əsaslanan bu tərəfdaşlıq gələcəkdə daha geniş miqyasda inkişaf edərək regional və beynəlxalq səviyyədə mühüm rol oynamağa davam edəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər