PDF Oxu

Siyasət

  • 528

Azərbaycan–Ukrayna münasibətlərində yeni mərhələ

image

2026-cı il aprelin 25-də Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar Azərbaycan–Ukrayna münasibətlərinin dinamik inkişafını bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında vurğulanan məqamlar iki ölkə arasında formalaşmış güclü siyasi dialoqun və qarşılıqlı etimadın bariz nümunəsi kimi diqqəti cəlb edir.

Prezident İlham Əliyev qeyd etdi ki, dövlət başçıları səviyyəsində görüşlər artıq müntəzəm xarakter alıb. Son dörd il ərzində yeddi dəfə keçirilən görüşlər əlaqələrin intensivliyini və strateji əhəmiyyətini açıq şəkildə göstərir. Bu təmasların yalnız beynəlxalq platformalar çərçivəsində deyil, həm də ikitərəfli formatda davam etməsi münasibətlərin dərinliyindən xəbər verir. Xüsusilə, Prezident Zelenskinin 2019-cu ildə Azərbaycana ilk səfəri və 2022-ci ilin yanvarında Prezident Əliyevin Kiyevə səfəri münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb.

İki ölkə arasında əməkdaşlığın möhkəm siyasi təməli də xüsusi vurğulanıb. 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu münasibətlərin əsasını təşkil edir. Həmin sənədlərdə qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinin dəstəklənməsi öz əksini tapır. Azərbaycan və Ukrayna bu gün də bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyərək etibarlı tərəfdaş olduqlarını nümayiş etdirirlər.

Son dövrlərdə həyata keçirilən yüksək səviyyəli təmaslar və institusional əməkdaşlıq mexanizmləri də münasibətlərin inkişafında mühüm rol oynayır. Bakıda keçirilən Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr və Hökumətlərarası Komissiyanın iclası əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb. Bu tədbirlərin növbəti mərhələdə Ukraynada keçirilməsi planı isə tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətindən xəbər verir.

Energetika sahəsi Azərbaycan–Ukrayna əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Xüsusilə SOCARın Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərməsi bu sahədə əldə olunan real nəticələrin göstəricisidir. Bununla yanaşı, yeni investisiya layihələri və birgə təşəbbüslər üçün geniş perspektivlərin mövcudluğu diqqətə çatdırılıb. Ticarət dövriyyəsinin artıq yarım milyard dolları keçməsi iqtisadi əlaqələrin artan tempini göstərir və yaxın illərdə bu göstəricinin daha da yüksələcəyi gözlənilir.

Hərbi-texniki əməkdaşlıq da müzakirə olunan əsas istiqamətlərdən biri olub. Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksinin inkişafı birgə istehsal və texnoloji əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və ortaq layihələrin həyata keçirilməsi gələcək əməkdaşlığın mühüm komponentlərindən biri kimi qiymətləndirilir.

Ümumilikdə, Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulub. Müntəzəm siyasi dialoq, geniş iqtisadi imkanlar və strateji tərəfdaşlıq ruhu bu əlaqələrin daha da möhkəmlənəcəyinə əsas verir. Şübhəsiz ki, Prezident Volodimir Zelenskinin bu səfəri iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yeni təkan verəcək və qarşıdakı dövrdə daha genişmiqyaslı layihələrin reallaşmasına zəmin yaradacaqdır.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər