"Azərbaycan və Ukrayna prezidentlərinin mətbuata birgə bəyanatlarla çıxış etməsi iki ölkə arasında münasibətlərin yalnız diplomatik jestlər səviyyəsində deyil, strateji məzmun daşıdığını göstərir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.Onun sözlərinə görə, bu kontekstdə İlham Əliyev və Volodimir Zelenski tərəfindən səsləndirilən mesajlar əməkdaşlığın yeni mərhələyə keçidini anons edən siyasi siqnallar kimi qiymətləndirilə bilər: "Mövcud geosiyasi reallıqlar fonunda Bakı və Kiyev arasında əlaqələrin intensivləşməsi təsadüfi deyil. Hər iki dövlət ərazi bütövlüyü və suverenlik məsələlərində oxşar çağırışlarla üz-üzə qalıb və bu da onların beynəlxalq hüquqa əsaslanan ortaq mövqedən çıxış etməsini şərtləndirir. Bu baxımdan qarşılıqlı siyasi dəstək elementi münasibətlərin əsas sütunlarından biri kimi çıxış edir.Eyni zamanda iqtisadi və enerji sahələrində əməkdaşlıq perspektivləri də diqqət çəkir. Azərbaycanın enerji resursları və tranzit imkanları Ukrayna üçün alternativ və təhlükəsiz marşrutların formalaşmasında mühüm rol oynaya bilər. Bu isə yalnız ikitərəfli münasibətləri deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi arxitekturasını da təsirləndirən faktordur.Prezidentlərin bəyanatları göstərir ki, Bakı və Kiyev münasibətləri situativ deyil, uzunmüddətli strateji maraqlar üzərində qurulur. Bu isə regional və qlobal güc balansında Azərbaycanın daha çevik və çoxşaxəli xarici siyasət kursunu davam etdirdiyini bir daha təsdiqləyir".
Müəllif: Günel Fərzəliyeva