PDF Oxu

Siyasət

  • 1 941

Uğurlu və dayanıqlı enerji əməkdaşlığı - ŞƏRH

image

Qəbələdə baş tutan Azərbaycan–Ukrayna yüksək səviyyəli görüşü və onun ardınca verilən bəyanatlar yalnız ikitərəfli münasibətlərin cari vəziyyətini deyil, həm də daha geniş siyasi mənzərəni anlamaq baxımından diqqətəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. O, həm mövcud tərəfdaşlığın mahiyyətini açıqladı, həm də regionda və beynəlxalq sistemdə baş verən dəyişikliklər fonunda Bakı ilə Kiyev arasında siyasi koordinasiyanın artdığını nümayiş etdirdi. Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan dialoq göstərdi ki, tərəflər münasibətlərə yalnız praktiki əməkdaşlıq deyil, eyni zamanda geosiyasi baxış prizmasından yanaşırlar.

Bəyanatda diqqət çəkən əsas məqamlardan biri Azərbaycan–Ukrayna münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması idi. Bu münasibətlər artıq klassik diplomatik çərçivəni aşaraq strateji tərəfdaşlıq müstəvisinə yüksəlməkdədir. Prezident İlham Əliyev çıxışında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulamaqla yanaşı, bu dialoqun konkret nəticələr doğurduğunu qeyd etdi. Bu nəticələr iqtisadi əməkdaşlıqdan enerji təhlükəsizliyinə, sənaye layihələrindən humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu baxımdan, səsləndirilən fikirlər bir daha təsdiq edir ki, Bakı ilə Kiyev arasında münasibətlər yalnız dostluq deyil, həm də qarşılıqlı maraqlara əsaslanan praqmatik tərəfdaşlıq üzərində qurulub.

Bəyanatda iqtisadi əməkdaşlıq xüsusi yer tutub. Prezident İlham Əliyev qeyd edib ki, ticarət dövriyyəsinin artırılması üçün böyük potensial mövcuddur. O, enerji sektorunda əməkdaşlığın perspektivlərinə toxunaraq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərən və iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan əsas şirkətlərdən biridir. SOCAR-ın Ukrayna bazarındakı fəaliyyəti yalnız enerji sektorunu əhatə etməklə kifayətlənmir, eyni zamanda ölkələr arasında strateji tərəfdaşlığın inkişafına da töhfə verir. Bu baxımdan 25 aprel tarixində Volodimir Zelenskinin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir.

Bu səfər iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezidentin səfəri çərçivəsində enerji təhlükəsizliyi, neft-qaz sahəsində əməkdaşlıq, eləcə də alternativ enerji layihələri əsas müzakirə mövzuları sırasında yer alır. SOCAR-ın Ukraynada geniş yanacaqdoldurma şəbəkəsi və enerji infrastrukturuna yatırdığı investisiyalar Azərbaycanın bu ölkədə etibarlı tərəfdaş kimi qəbul edilməsinin əsas göstəricilərindəndir.

Cənab Prezident İlham Əliyevin Qəbələdəki çıxışı göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri yeni siyasi mərhələyə daxil olur. Bu mərhələ daha çox koordinasiya, daha aydın strateji baxış və daha geniş regional təsir imkanları ilə xarakterizə olunur. Formalaşan bu əməkdaşlıq modeli gələcəkdə yalnız iki ölkə arasında deyil, daha geniş coğrafiyada siyasi proseslərə təsir göstərə biləcək potensiala malikdir. Qəbələ görüşü isə bu prosesin növbəti mühüm addımı kimi yadda qalır və tərəflərin siyasi iradəsinin davamlılığını bir daha təsdiqləyir.

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər