Prezident İlham Əliyev: “Çexiya ilə çox fəal siyasi dialoqumuz var”
Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir. Son dövrlərdə Azərbaycana müxtəlif dövlət və hökumət başçılarının intensiv səfərləri ölkənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığının təzahürüdür. Aprelin 26-da Çex Respublikasının Baş naziri Andrey Babişin ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı, eləcə də Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndiyini göstərən amilldir. “Bu, (Çexiyanın Baş nazirinin səfəri – red.) iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəal siyasi dialoqumuz var.” Bu sözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında söyləyib. “Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır”, - deyə dövlətimizin başçısı əlavə edib. Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar Azərbaycan–Çex münasibətlərinin dinamik inkişafını bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında vurğulanan məqamlar iki ölkə arasında formalaşmış güclü siyasi dialoqun və qarşılıqlı etimadın bariz nümunəsi kimi diqqəti cəlb edir.
Çexiya Baş nazirinin səfərini müşayiət edən geniş biznes heyəti bu səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir. Nəzərdə tutulan biznes-forum iki ölkənin iş adamlarını bir araya gətirərək yeni investisiya və ticarət imkanlarının açılmasına şərait yaradacaq. Bu isə münasibətlərin yalnız siyasi deyil, iqtisadi müstəvidə də dərinləşdiyini göstərir.
“İQTİSADİ SAHƏDƏ GÖRÜLƏCƏK İŞLƏRLƏ BAĞLI KONKRET TƏKLİFLƏR”
“İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var”, - deyən Azərbaycan Prezidenti bildirib ki, mən şadam ki, cənab Baş nazirlə birlikdə Azərbaycana Çexiyadan böyük qrup iş adamları gəlmişdir və bu gün keçiriləcək biznes-forumda həm yeni təmaslar qurulacaq, həm də mövcud layihələrlə bağlı fikir mübadiləsi aparılacaq: “Bizim çox böyük ümidimiz ondan ibarətdir ki, ticarət dövriyyəmizi daha da yüksək səviyyəyə qaldıraq. Halbuki bu gün də ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq. Ümid edirəm ki, biz buna nail olacağıq. Çünki bu gün həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə apardığımız danışıqlarda bir çox konkret iqtisadi və sərmayə yönümlü layihələr müzakirə edilmişdir.”
Ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
“ÇEXİYAYA QONŞU OLAN ÖLKƏLƏRƏ TƏBİİ QAZ İXRAC EDİR”
Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. “Təbii ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir”, - deyə Prezident qeyd edib.
Çexiya bərpaolunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir. Çex şirkətlərinin Azərbaycanda, o cümlədən bərpaolunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.
İnvestisiya göstəriciləri də balanslı əməkdaşlığı əks etdirir: 1995-2025-ci illər ərzində qarşılıqlı investisiyalar təxminən eyni səviyyədə olub. Azərbaycanda fəaliyyət göstərən Çexiya kapitallı şirkətlərin müxtəlif sahələri əhatə etməsi iqtisadi əlaqələrin şaxələndiyini göstərir.
“ÇEXİYA-AZƏRBAYCAN DOSTLUĞU, ƏMƏKDAŞLIĞI ÖZ TƏSDİQİNİ TAPIR”
Ölkə başcısı ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlı olduğunu da bildirib: “Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.
Çexiya Baş nazirinin Azərbaycana səfəri Azərbaycanın artıq regionda deyil, daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunduğunu bir daha göstərir. Diplomatik fəallığın artması, yeni mərkəzlərin, xüsusilə Qəbələnin ön plana çıxması və iqtisadi əməkdaşlığın dərinləşməsi ölkəmizin beynəlxalq sistemdə rolunun gücləndiyini təsdiqləyir. Enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.
“Bu gün bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. Yəni bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və bizim qarşımızda çox gözəl perspektivlər açılır”, - deyə Prezident bildirib.
Zümrüd BAYRAMOVA