Azərbaycan-Ukrayna münasibətlərini dəyərləndirərkən ilk növbədə onların siyasi əsaslarına baxmaq lazımdır. Dünya siyasətində güc tətbiqi, ərazi iddiaları və beynəlxalq hüququn pozulması kimi məsələlər yenidən gündəmin mərkəzinə gəldiyi vaxtda Azərbaycan və Ukraynanın bir-birinin suverenliyini müdafiə etməsi adi diplomatik ifadə deyil. Bu, hər iki ölkənin dövlətçilik düşüncəsinin, beynəlxalq münasibətlərə yanaşmasının və təhlükəsizlik anlayışının göstəricisidir.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri zamanı səsləndirdiyi “Əməkdaşlığımızın çox güclü təməli vardır” bəyanatı Azərbaycan–Ukrayna münasibətlərinin mahiyyətini dolğun şəkildə əks etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilir. Bu fikir iki ölkə arasında formalaşmış münasibətlərin təsadüfi deyil, uzun illər ərzində qurulmuş möhkəm əsaslara söykəndiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir.
Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələr qarşılıqlı hörmət, suverenliyə dəstək və daxili işlərə qarışmamaq prinsipləri əsasında inkişaf edib. Bu prinsiplər əməkdaşlığın ideoloji və siyasi fundamentini təşkil edir. Prezident İlham Əliyevin vurğuladığı güclü təməl məhz bu qarşılıqlı etimad və etibarlı tərəfdaşlıq mühitindən qaynaqlanır.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq xüsusilə diqqətəlayiqdir. Enerji sektorunda Azərbaycanın zəngin resursları və nəqliyyat imkanları Ukrayna üçün əhəmiyyətli tərəfdaşlıq perspektivləri yaradır. Eyni zamanda, Ukraynanın sənaye, kənd təsərrüfatı və texnologiya sahələrindəki potensialı Azərbaycan üçün cəlbedici əməkdaşlıq istiqamətlərini formalaşdırır. Bu qarşılıqlı tamamlayıcılıq münasibətlərin iqtisadi əsaslarını daha da gücləndirir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. Azərbaycan regionda mühüm tranzit mərkəz kimi çıxış edərək Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Ukrayna isə Qara dəniz regionunda yerləşməsi ilə bu logistika zəncirinin vacib halqalarından biridir. Bu baxımdan, iki ölkənin birgə təşəbbüsləri regional ticarətin və daşımaların genişlənməsinə mühüm töhfə verir.
Humanitar və mədəni əlaqələr də əməkdaşlığın güclü təməlini təşkil edən mühüm istiqamətlərdəndir. Təhsil, mədəniyyət və diaspor sahəsində həyata keçirilən layihələr xalqlar arasında dostluq münasibətlərini möhkəmləndirir və qarşılıqlı anlayışı artırır. Bu isə siyasi və iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır.
Prezident İlham Əliyevin bəyanatı həm də gələcəyə yönəlmiş strateji baxışın ifadəsidir. Güclü təməl üzərində qurulan münasibətlər yeni çağırışlara daha dayanıqlı olur və dəyişən qlobal şəraitdə əməkdaşlığın davamlı inkişafını təmin edir. Müntəzəm yüksək səviyyəli görüşlər və imzalanan sənədlər bu təməlin daha da möhkəmləndirilməsinə xidmət edir.
Bundan əlavə, Azərbaycan və Ukrayna beynəlxalq platformalarda da bir-birini dəstəkləyərək ortaq mövqe nümayiş etdirirlər. Bu, iki ölkənin yalnız ikitərəfli deyil, həm də qlobal səviyyədə tərəfdaşlıq münasibətlərinə malik olduğunu göstərir.
Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı