Azərbaycan ilə Çexiya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur. Çexiya Respublikasının Baş nazirinin Bakıya rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə arasında siyasi dialoqun son dərəcə fəal və məzmunlu xarakter aldığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “bizim indi çox fəal siyasi dialoqumuz var”, bu isə münasibətlərin gələcək inkişafı üçün möhkəm əsas yaradır.
Son illərdə Azərbaycan–Çexiya əlaqələri yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, eyni zamanda konkret sahələr üzrə əməkdaşlıqla müşayiət olunur. Yüksək səviyyəli səfərlər, qarşılıqlı təmaslar və aparılan danışıqlar münasibətlərin sistemli şəkildə dərinləşdiyini göstərir.
Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, iki ölkə arasında siyasi dialoq artıq praktiki nəticələr doğurur və bu, əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə şərait yaradır.
Azərbaycan ilə Çexiya arasında iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir. Enerji sahəsində əməkdaşlıq xüsusilə önəmli yer tutur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, Çexiya ilə bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün mühüm imkanlar açır.
Ticarət dövriyyəsinin artırılması, sənaye və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsi tərəflərin əsas prioritetləri sırasında yer alır.
Münasibətlərin diqqətçəkən istiqamətlərindən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev bu istiqamətdə perspektivlərin mövcud olduğunu qeyd edərək bildirib ki, Bizim ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.
Azərbaycanın müdafiə sənayesində son illərdə əldə etdiyi təcrübə və Çexiyanın texnoloji imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər yaradır.
Bu əməkdaşlıq həm texniki təcrübə mübadiləsini, həm də təhlükəsizlik sahəsində birgə fəaliyyət imkanlarını əhatə edə bilər.
Azərbaycan–Çexiya münasibətləri humanitar və mədəni sahələrdə də inkişaf edir. Təhsil proqramları, mədəniyyət layihələri və turizm əlaqələri xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir.
Ümumilikdə, Çexiya Baş nazirinin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat göstərir ki, Azərbaycan–Çexiya münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlir. Fəal siyasi dialoq artıq konkret əməkdaşlıq sahələri ilə möhkəmlənir və bu proses gələcəkdə daha da genişlənəcək.
Azərbaycan ilə Çexiya arasında formalaşan bu tərəfdaşlıq modeli regional və beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri