Dünya xəritəsinin geosiyasi təlatümlərlə yenidən cızıldığı bir dövrdə, Azərbaycan və Ukrayna arasındakı münasibətlər sadəcə diplomatik nəzakət çərçivələrini çoxdan aşaraq, regionun ən dayanıqlı və etibarlı strateji oxlarından birinə çevrilib. Bakı və Kiyevi birləşdirən tellər təkcə iqtisadi mənfəətlər deyil, həm də illərdir sınaqlardan keçən, ən çətin anlarda sükutla deyil, əməllə sübut olunan sarsılmaz dostluqdur. Bu strateji dərinliyin ən son və bəlkə də ən həlledici səhifəsi isə 25 aprel 2026-cı il tarixində Qəbələdə yazıldı. Həmin gün baş tutan yüksək səviyyəli görüşlər və qəbul edilən qərarlar, iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığı "strateji tərəfdaşlıq" statusundan "müdafiə simbiozu" səviyyəsinə qaldırdı.
Prezident İlham Əliyev çıxışında Azərbaycan və Ukrayna münasibətlərinin uzun illərə dayanan möhkəm siyasi baza üzərində qurulduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri bu münasibətlərin əsasını təşkil edir. Bu sənədlər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipinə qarşılıqlı dəstəyi əks etdirir.
Bu yanaşma Azərbaycanın xarici siyasətində prinsipial xəttin – beynəlxalq hüquqa əsaslanan mövqenin davamlılığını göstərir. Eyni zamanda, Ukrayna ilə münasibətlərdə siyasi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət prinsipi Azərbaycan-Ukrayna münasibətlərinin ideoloji və siyasi təməlini təşkil edir. Bu prinsipin davamlı şəkildə qorunması tərəfdaşlığın uzunmüddətli xarakterini möhkəmləndirir. İqtisadi əməkdaşlıqda isə enerji sektoru xüsusi yer tutur. SOCAR-ın Ukrayna bazarında uzunmüddətli fəaliyyəti bu sahədə etibarlı tərəfdaşlığın formalaşmasına zəmin yaradır. Enerji təchizatı, yanacaq infrastrukturu və logistika sahəsində həyata keçirilən layihələr iqtisadi münasibətlərin əsas komponentlərini gücləndirir. Bununla yanaşı, investisiya qoyuluşlarının artırılması və ticari əlaqələrin genişləndirilməsi də əsas prioritetlərdəndir. Nəqliyyat, logistika və sənaye sahələrində yeni layihələrin həyata keçirilməsi iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və qarşılıqlı faydalılığın artmasına şərait yaradır. Bu istiqamətlər gələcəkdə əməkdaşlığın real iqtisadi nəticələrinin daha da genişlənəcəyindən xəbər verir.
Qəbələdə səslənən bəyanatlarda dostluq ifadələri ilə yanaşı, konkret əməkdaşlıq mexanizmləri də qeyd olundu. Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr, Hökumətlərarası Komissiyanın iclası və bu tədbirlərin növbəti dövrdə Ukraynada keçirilməsi ilə bağlı fikir mübadiləsi münasibətlərin institusional səviyyədə də inkişaf etdiyini göstərir.
Qəbələ görüşündə səslənən fikirlər göstərir ki, tərəflər həm keçmiş təcrübəni xatırlayır, həm də qarşıdakı mərhələyə praktiki baxışla yanaşırlar. Belə yanaşma dövlətlərarası əməkdaşlıqda sabitlik yaradır və ictimaiyyətə də aydın mesaj verir: dostluq yalnız sözlə deyil, davamlı iş, qarşılıqlı həssaslıq və konkret nəticələrlə möhkəmlənir.
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı